BAKI, TurkicWorld
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası 21–22 iyun tarixlərində İstanbulda keçiriləcək.
TurkicWorld xəbər verir ki, iclas Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyində baş tutacaq.
Toplantının mövzusu “Dəyişən dünyada İslam Əməkdaşlıq Təşkilatı” olaraq müəyyən edilib. Rəcəb Tayyib Ərdoğanın da toplantıda iştirak edərək çıxış etməsi gözlənilir.
Diplomatik mənbələrin verdiyi məlumata görə, İsrail ilə İran arasında artan gərginliyin fonunda təşkil olunacaq iclasa 40-dan çox ölkənin xarici işlər naziri qatılacaq. Bu isə əvvəlki illərlə müqayisədə rekord səviyyəli iştiraka səbəb olacaq.
Toplantıda İƏT-ə üzv 57 dövlətin nümayəndə heyəti ilə yanaşı, quruma bağlı təşkilatlar, müşahidəçi ölkələr və digər beynəlxalq qurumlardan ümumilikdə 1000-dən çox iştirakçının yer alacağı gözlənilir.
Toplantının açılışını Hakan Fidan edəcək. O, sədrlik səlahiyyətini əvvəlki dövrün sədri, Kamerun Xarici İşlər naziri Lejeune Mbella Mbella-dan təhvil alacaq.
İclasın sonunda “İstanbul Bəyannaməsi”nin qəbul ediləcəyi və Qəzza, Fələstin və digər aktual məsələlərə dair qərar layihələrinin təsdiqlənəcəyi gözlənilir.
Türkiyə, bu toplantı ilə İƏT Xarici İşlər Nazirləri Şurasının sədrlik missiyasını rəsmi olaraq bir il müddətinə üzərinə götürəcək. Ankara bundan əvvəl 1976, 1991 və 2004-cü illərdə də bu toplantılara ev sahibliyi edib.