Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- Rasim müəllim, İsrail-İran arasında qarşılıqlı hava hücumları nə vaxta qədər davam edə bilər? ABŞ-in bu müharibəyə qoşulması ehtimalı varmı? Bu halda nə baş verəcək?
- Hazırda İran-İsrail müharibəsi davam edir. Müharibəyə qoşulması ehtimal edilən ölkə ABŞ-dir. Əslində İsrail də bunu istəyir. Eyni zamanda burada bir neçə ssenari mövcuddur. Münaqişənin qısa zamanda bitəcəyi ilə bağlı də ehtimallar azdır. Digər yandan bu münaqişəyə kiminsə qoşulması ehtimalı fonunda uzun sürəcəyi isə başqa bir ssenaridir. İranın ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına qarşı hücumu başlasa və ərəb ölkələrində neft istehsal edən müəssisələri vursa, təbii ki, müharibənin iştirakçılarının sayı da çoxalacaq. Bütün bunlar isə müharibənin gedişindən asılıdır. Gözlənilən odur ki, ABŞ İranın dağın içində yerləşən Fordo nüvə obyektini borbardman etmək üçün müharibəyə qoşulacaq. Hələlik isə qalan heç bir ölkə bu müharibəyə müdaxilə etmək istəmir.

- İsrail bu hücumlarla İranın nüvə qabiliyyətini zəiflətməklə orada hakimiyyət dəyişikliyi etmək niyyətində olduğunu açıqlayıb. Bu hücumların təsiri fonunda İranda hakimiyyət dəyişikliyi mümkündür?
- Əslində İsrailinin İranda hakimiyyəti dəyişmək üçün imkanı və gücü yoxdur. İranın ali dini lideri Seyid Əli Xameneini aradan götürməklə hakimiyyəti dəyişmək niyyətindədirlər. Halbuki bunu etmək üçün isə heç bir struktur yoxdur.
Hakimiyyət o halda dəyişdirilə bilər ki, ölkə daxilində idarəetmə tam itmiş olsun. Bunun fonunda insanlar kütləvi şəkildə hakimiyyətə qarşı üsyana qalxmaqla bu baş verə bilər.

- İraq və Liviyada mərkəzləşmiş hökumət devrildikdən sonra baş verənlərin hər kəs şahidi oldu. Bu halda İranda vətəndaş müharibəsinin olması hansı risklər yarada bilər?
- Ehtimallar çoxdur. Vəziyyət hər gün dəyişir. Ona görə də bu mövzulara aid ehtimal etmək lazım deyil. Ən doğrusu mövcud vəziyyəti diqqətlə izləmək və orada olan dəyişikliklərə vaxtında reaksiya vermək lazımdır.