Bakıda qadınlara hədə-qorxu gələrək şantaj etməkdə ittiham olunan 1987-ci il təvəllüdlü bloqer Cəmil Quliyevin işinə Ali Məhkəmədə baxılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6800, digərindən 2400 manat alıb. Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.
Qeyd edək ki, Cəmil Quliyev instaqram və tiktok sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.
İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
“Gördüm ki, mənə müraciət edirlər”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Yeni Azərbaycan Partiyasının üzvüdür: “Mən hər zaman çalışmışam ki, cəmiyyətə layiqli vətəndaş olum. Azərbaycançılıq hissi ilə yaşamışam, milli dəyərləri qorumuşam. Gürcüstanın Batumi şəhərində yerləşən, baş ofisi isə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “XOX Tobacco” tütün məmulatları istehsal fabrikinin təsisçisi və baş direktoru olmuşam. Mənim rəhbərlik etdiyim müəssisədə 87 azərbaycanlı işlə təmin olunub. Bu biznes fəaliyyətini vətəndə də davam etdirmək məqsədi ilə 2019-cu ildə Azərbaycana qayıtmışam. Həmin fabriki Batumi şəhərindən Quba rayonuna gətirmək istədim. Arzumu həyata keçirmək məqsədilə lizinq yolu ilə 7 ədəd xarici markalı maşın aldım. Aldığım avtomobillər lizinq şirkəti tərəfindən qanunsuz yolla mənimsənildiyi üçün bu barədə şikayət etsəm də, şikayətlərimə baxan olmadı. Bununla bağlı “İnstagram” və “TikTok” sosial şəbəkələrində özümə məxsus səhifədə paylaşımlar etməyə başlamışam. Nəticədə gördüm ki, vətəndaşlar öz problemlərinin işıqlandırılması üçün mənə müraciət edirlər”.
“Arvadını pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edib”
Təqsirləndirilən şəxsin sözlərinə görə, beləliklə, sosial şəbəkələrdə əsas problemlərdən olan narkotik vasitələr və qadın alveri ilə mübarizəyə başlayıb: “Mənim məqsədim sosial, faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin problemlərini, ölkəyə müxtəlif yollarla gətirilib, xüsusən də gənclərin və yeniyetmələrin bəlasına çevrilmiş narkotik alverçilərini, gənc qadın və qızları əxlaqsız yollara çəkməklə onların üzərindən pul qazanan qadın alverçilərini qınaq predmetinə çevirməklə cəmiyyəti məlumatlandırmaq olub. Mən artıq videobloger kimi fəaliyyət göstərdiyim bir vaxtda Camal (adlar şərtidir – red.) adlı bir şəxs əlaqə saxlayaraq Bilgəh qəsəbəsindəki evlərin birində satışa hazırlanan 4 kiloqram psixotrop maddə metamfetamin olduğunu bildirdi. Mən dərhal hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə əlaqə saxladım, bu barədə məlumat verdim və həmin yerə getdim. Söhbət əsnasında məlum oldu ki, Camal öz arvadını dediyi evin sahibinə pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edib. Lakin həyat yoldaşının iş müddəti 2 saatı keçdiyi üçün mənim vasitəsimlə cəzalandırmaq istəyib. Mən Camaldan nə ilə məşğul olduğunu soruşdum. O, açıq-aydın şəkildə qadın ticarəti ilə məşğul olduğunu bildirdi. Camaldan polisdən qorxub-qorxmadığını soruşdum. Camal öz himayədarının adını çəkərək aylıq həmin şəxsə “patent” ödədiyini bildirdi. Bir gün sonra Camalın barəsində məlumat topladım və bununla bağlı hazırladığım materialı paylaşdım. Daha sonra Camalın arvadı əlaqə saxladı və paylaşdığım materialı sosial şəbəkələrdən silməyimi istədi”.
“Pulu “şirinlik” kimi göndərdiyini dedi”
Cəmilin ifadəsinə görə, “Panda” ləqəbli Pərinin haqqında ona material verilib: “Mən bu material üzərində işləyərkən belə bir paylaşım edəcəyimi “İnstagram”da storidə paylaşdım. Hazırladığım materialı yaymaq istədim. Rasim adlı şəxs zəng edərək Pərinin şəhid və qazi ailələrinə yardım etdiyini və bir neçə ailəni himayəsinə götürdüyünü bildirdi. Mən Pəri ilə əlaqə saxladım, bu barədə məlumatı ondan dəqiqləşdirdim. Bir neçə gündən sonra Rasim mənimlə görüşmək istədiyini dedi. Görüş zamanı Rasim cibindən pul çıxardı, avtomobilimdəki su qabı yerinə qoydu və pulu Pərinin “şirinlik” kimi mənə göndərdiyini dedi. Mən Rasimə Pəridən pul istəmədiyimi və Pəriyə zəng edib pulu nə üçün göndərdiyini soruşmasını istədim. Rasim isə bu pulun “şirinlik” olduğunu bildirdi. Mən isə Rasimə dedim ki, pul sənindir, götür. Rasim 1.000 manat puldan 500 manat pulu özünə götürdü, sağollaşaraq getdi. Mən Rasimin pulun hamısını götürmədiyini gedəndən bir az sonra bildim”.