AZ

ADSEA: Yeraltı su ehtiyatlarının müəyyənləşdirilməsi üçün xarici mütəxəssislər cəlb edilib

BAKI, 19 iyun. TELEQRAF

Azərbaycanın yeraltı su ehtiyatlarının müəyyənləşdirilməsi üçün Dövlət Su Ehtiyatları Agentliyi xarici ölkə mütəxəssislərini cəlb edib.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.

İ. Quliyev qeyd edib ki, yeraltı su ehtiyatlarının həcmi müəyyənləşdikdən sonra, onların bərpası və doldurulması üçün tədbirlər planı hazırlanacaq.

Agentlik rəsmisi, həmçinin Azərbaycan çaylarındakı su ehtiyatlarının azalma tendensiyasına diqqət çəkərək vurğulayıb ki, ölkənin su təminatının, təxminən, 70 faizi qonşu ölkələrdən gələn çaylar hesabına həyata keçirilir.

İşğaldan azad edilmiş torpaqların su resurslarının vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildirən İ.Quliyev həmin ərazilərdə tikilən su anbarlarının gələcəkdə su qıtlığının qarşısını almağa yönəldiyini qeyd edib.

O əlavə edib ki, iqlim dəyişikliyi fonunda dünyada su qıtlığı probleminin mövcud olduğunu nəzərə alaraq, Azərbaycan kənd təsərrüfatı istehsalçılarını ildə 3-4 dəfə suvarmağa təmin edə biləcək potensiala malikdir:

"Ölkənin müxtəlif bölgələrində intensiv suvarma sistemlərinin tətbiqi həm su qənaətinə, həm də məhsulun vaxtında suvarılmasına şərait yaradır. İntensiv suvarma tətbiq olunan sahələrdə yeni texnologiyalar və subsidiya mexanizmləri kənd təsərrüfatı istehsalçılarına təqdim olunur ki, bu da sahəyə marağın artmasına səbəb olur. Dövlət bu istiqamətdə maraqlıdır və dəstək verir".

Seçilən
19
1
teleqraf.com

2Mənbələr