AZ

ABŞ-dan BƏƏ-yə, oradan da DTX-ya- 10 milyonluq qızıl külçə daşıyan diplomatın CİNAYƏT DOSYESİ

Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə qaçaqmalçılıqda ittiham olunan diplomat Qəhrəman Məmmədovla bağlı təqdimata baxılıb.

Musavat.com xəbər verir ki, müttəhim Azərbaycanın Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin keçmiş baş köməkçisi, polkovnik-leytenantdır.

Məhkəmədə baxılan təqdimat Qəhrəman Məmmədovun barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı olub. Hakim istintaq orqanının təqdimatını təmin edib. Qəhrəman Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

Qeyd edək ki, diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanılıb.

Araşdırmalar zamanı, Qəhrəman Məmmədovun digər Azərbaycan vətəndaşı və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq etməsinə əsaslı şübhələr yaranıb. Onun  Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirakı müəyyən edilib. Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyəyə gəlmiş, həmin gün qabaqcadan əlbir olduğu şəxs tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb.

O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhrəman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb. Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib. Qəhrəman Məmmədov DTX-də davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Seçilən
0
2
editor.az

3Mənbələr