AZ

Ukraynalı nazir Avstriyaya getdi, geri dönmədi – Antikorrupsiya kölgəsində gizli gediş

Ukraynanın Milli Birlik Naziri Aleksey Çernışev rəsmi səfər üçün getdiyi Avstriyadan geri dönməyib. Bu barədə tanınmış jurnalist, “Ukrainska Pravda” qəzetinin araşdırmalar şöbəsinin rəhbəri Mixail Tkaç özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tkaç yazır ki, hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən, Çernışevin Ukrayna sərhədini geri keçdiyinə dair heç bir qeyd yoxdur.

Musavat.com xəbər verir ki, bu, onun ölkəni bir tərəfli biletlə tərk etdiyi ehtimallarını gücləndirib.

Jurnalist xatırladır ki, bu hadisə Milli Antikorrupsiya Bürosu (NABU)Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) aparmaqda olduğu istintaqlar fonunda baş verir. Məlumata görə, daha əvvəl Ukrayna Baş nazirinin müavinlərindən birinə yaxın iki şəxs həbs olunub. Onlardan biri ölkədən qaçmaq istərkən saxlanılıb. Aleksey Çernışevə isə bu zaman rəsmi şübhələr irəli sürülmüş, lakin o həmin an xaricdə olub.

Tkaç əlavə edir ki, Çernışev Ukrayna rəhbərliyi ilə sıx əlaqələrə malikdir. O, Prezident Vladimir Zelenskinin və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın iştirakı ilə keçirilən qapalı tədbirlərdə dəfələrlə iştirak edib.

Jurnalist bu hadisənin fonunda baş vermiş daha bir diqqətçəkən detalı da qeyd edir – Ukraynanın yeni baş prokuroru Ruslan Kravçenkonun qəfil təyin olunması. Tkaçın fikrincə, bu dəyişikliklər Çernışev ətrafında davam edən istintaqa birbaşa təsir edə bilər.

Qeyd edək ki, Aleksey Çernışev 2024-cü ilin dekabrında Ukraynanın Milli Birlik Naziri təyin edilmişdi. Bundan əvvəl isə o, Naftoqaz Ukrayna dövlət neft-qaz şirkətinə rəhbərlik etmiş, həmçinin icma və ərazi inkişafı naziri, eləcə də Kiyev Vilayət Administrasiyasının başçısı vəzifələrində çalışmışdı.

Hazırda onun dəqiq harada olduğu və ölkəyə qayıdıb-qayıtmayacağı sual altındadır.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr