AZ

Polisə silahlı müqavimət göstərən maşın ustasının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində polisə silahlı müqavimət göstərməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ceyhun Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum edilən C.Aslanovun orta məktəbdə oxumadığı, yazıb-oxumağı bacarmadığı məlum olub. O bildirib ki, maşın ustası işləyib, oxuya bilmədiyi üçün iş materialları ilə tanış olmayıb. Sənədlərə oxumadan imza atıb. Onun sözlərinə görə, vəkil ittihamı oxumadan ona imza atmağı təklif edib.

Hakim bildirib ki, təqsirləndirilən şəxsə ittiham aktı və digər sənədlər təqdim olunacaq, ona işlə tanış olmaq üçün şərait yaradılacaq.

Növbəti proses iyulun 3-də keçiriləcək.

Qeyd edək ki, bu il yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Ceyhun Aslanov zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Seçilən
0
2
avtosfer.az

3Mənbələr