AZ

Yaxın Şərqdə zaman daralır: İran–İsrail müharibəsi nə qədər davam edəcək?

Yaxın Şərq bir həftədir ki, İran və İsrail arasında şiddətli münaqişəyə səhnə olur. ABŞ isə vəziyyətə açıq-aşkar qarışmaqdan çəkinir və hadisələri kənardan izləyir. Bu müharibənin qısa müddətli olacağı, yoxsa bölgəni illərlə təsir altında saxlayacaq yeni bir Yaxın Şərq burulğanının başlayacağı narahatlıqla izlənir.

Təhlükəli gedişatlar: Tehranda daxili çöküş əlamətləri

İsrail son günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı yüksək rütbəli şəxsləri hədəf alan hava zərbələri endirib. Bu hücumlar İran daxilində koordinasiya və idarəetmə böhranı yaradıb. ABŞ-lı keçmiş rəsmilərdən biri qeyd edir: “İranın öz daxilində yaşadığı xaos, onun bu qarşıdurmanı uzun müddət davam etdirməsini çətinləşdirir.”

ABŞ silah anbarlarını sürətlə itirir

Digər tərəfdən, ABŞ da çətinliklərlə üz-üzədir. Vaşinqton həm İsrailin hava hücumundan müdafiə sistemlərinə dəstək verir, həm də öz əsgərlərini Orta Şərqdə qorumaq üçün raketlər istifadə edir. ABŞ ordusunun Ukrayna və Qızıldənizdəki son illər ərzində apardığı əməliyyatlar səbəbilə silah anbarları onsuz da tükənmiş vəziyyətdə idi. İndi isə bu müharibə səbəbilə ehtiyatlar "qırmızı xətt"ə çatıb. Orta Şərq üzrə ekspert Michael Eisenstadt bu vəziyyəti belə şərh edir: “Əgər bu temp davam etsə, ABŞ başqa bir böyük müharibəyə hazır ola bilməyəcək.”

İsrailin hava müdafiə sistemləri tükənir

İsrail İranın buraxdığı təxminən 2000 ballistik raketdən 400-nü zərərsizləşdirməyə müvəffəq olub. Lakin Arrow, Iron Dome və David’s Sling kimi çoxqatlı müdafiə sistemləri ciddi şəkildə yüklənib və sursat sürətlə azalır. Bu sistemlərin ABŞ tərəfindən təmin olunan ehtiyatlarının gecikməsi, İsrailin müdafiə qabiliyyətini zəiflədə bilər.

Tramp hələ qərarsızdır

ABŞ Prezidenti Donald Trump münaqişəyə birbaşa müdaxilə edib-etməyəcəyi barədə konkret fikir bildirməsə də, son açıqlamasında “İranın nüvə obyektlərini lazım gələrsə məhv edərik” deyib. Trumpın aktiv hərbi müdaxilə qərarı, müharibənin gedişatını tamamilə dəyişə bilər.

Müharibə nə qədər davam edəcək?

Hərbi ekspertlər həm İranın, həm də İsrailin uzunmüddətli bir müharibə aparmaq resursuna sahib olmadığını qeyd edirlər. Lakin İran tərəfi, əgər təhdidlərin davam etdiyini görsə, müharibəni bölgəyə yayaraq yeni cəbhələr aça bilər. Bunlara Livandakı Hizbullah, Yəməndəki Husilər və Suriyadakı şiə milisləri daxildir. Əgər bu cəbhələr aktivləşərsə, münaqişə təkcə günlərlə deyil, aylarla davam edə bilər.

Nəticə

Hazırkı gedişata əsasən, İran–İsrail müharibəsinin nə qədər davam edəcəyi hələ də qeyri-müəyyəndir. Müharibə diplomatik yollarla dayandırılmasa, regional böhrana çevrilməsi qaçılmaz görünür. Belə bir ssenari isə Yaxın Şərqi illərlə təsiri altına alacaq yeni bir qarşıdurma dövrünə sürükləyə bilər.


Seçilən
10
1
news24.az

2Mənbələr