Ermənistanın Sərhəd və Milli Təhlükəsizlik Xidmətinin (SNB) rəhbəri Armen Abazyan iyunun 18-də baş nazir Nikol Paşinyanın sərəncamı ilə vəzifədən azad edilib. Onun yerinə sədr müavini Andranik Simonyan müvəqqəti təyin olunub. Rəsmi izah verilməsə də, Paşinyan yalnız “istirahəti haqq edir” deməklə kifayətlənib.
Lakin erməni media və siyasi dairələrində istefanın səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir. İddialara görə, SNB ABŞ və İsrailin maraqları çərçivəsində İrana qarşı casusluq fəaliyyəti həyata keçirib – xüsusilə Zəngəzur bölgəsində İranla bağlı məlumat toplandığı və ABŞ-a ötürüldüyü bildirilir. Hətta Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının da bu prosesə cəlb olunduğu iddia edilir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Başqa bir versiyaya görə, Abazyan Paşinyanın keçmiş təhlükəsizlik zabiti Karapetyanın həbsi ilə bağlı əmrinə tabe olmayıb və bu səbəbdən vəzifədən kənarlaşdırılıb.
2020-ci ilin noyabrında təyin olunan Abazyanın dövründə SNB-də islahatlar aparılıb, lakin qurum tez-tez siyasi məqsədlərlə istifadə olunmaqda ittiham edilib. O, mediadan uzaq durub və ictimaiyyət qarşısında görünməyib.
İrana qarşı casusluq iddiaları Ermənistan-İran münasibətləri baxımından xüsusilə həssas mövzudur. Əgər bu iddialar təsdiqlənsə, Ermənistan üçün ciddi diplomatik nəticələr doğura bilər.
Rəsmi dairələrin sakit izahlarına baxmayaraq, bu dəyişiklik Ermənistan daxilində ciddi siyasi proseslərin getdiyini göstərir. Paşinyan hökumətinin Qərblə yaxınlaşması və İranla münasibətlərin soyuması fonunda bu istefa təsadüfi görünmür.AzPolitika.info