Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında mədəni və ədəbi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Çin klassiklərinin qarşılıqlı tərcüməsi və nəşrinə başlanılıb.
Publika.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində ilk addım iyunun 19-da Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində atılıb.
Şərqi Çin Universitet Nəşriyyatı ilə Azərbaycanın “Təhsil” nəşriyyatı arasında razılaşmaya əsasən, Çin-Azərbaycan Birgə Ekspert Komitəsi tərəfindən ilkin mərhələdə seçilmiş klassik əsərlərin hər iki dilə tərcüməsi və nəşri cari il ərzində həyata keçiriləcək.
Layihənin məqsədi iki xalqın ədəbi irsini qarşı tərəfin oxucusuna daha yaxından tanıtmaq, mədəniyyətlərarası anlaşma və ədəbi körpüləri möhkəmləndirməkdir. Nəşrə hazırlanan əsərlər həm Çin, həm də Azərbaycan ədəbiyyatının klassik nümunələrini əhatə edir və hər iki ölkədə nəşr olunaraq geniş oxucu auditoriyasına təqdim ediləcək.