"Mövsüm yeni başlayıb. Adətən bağ mövsümü vaxtı müraciətlərin sayı artır. Bu müddətə qədər qiymət artımları müşahidə olunur. Əsas qiymət artımları iyunun ikinci ongünlüyündən sonra baş verir".
Bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, son illərdə ölkədən xaricə getmək üçün quru yollarının bağlanması yay mövsümündə Bakı və Abşeron ərazisindəki bağ sahələrinə tələbi xeyli artırıb:
"Qış mövsümü ilə müqayisədə 2 dəfəyə yaxın qiymət artımı müşahidə olunur. Bəzi ərazilərdə daha çox artım var. Bu qiymətlərin bir qədər də artacağı gözlənilir. Avqust ayının sonlarına qədər qiymət artımları davam edir. Qiymət artımının hansı həddə qədər davam edəcəyini söyləmək bir qədər çətindir. Bu, tələbdən, makroiqtisadi vəziyyətdən asılı olan məsələdir".
Ekspert qeyd edib ki, Təqribən 250-300 kvmetrlik ikimərtəbəli, həyətində hovuzu olan bağ evlərinin aylıq kirayə qiymətləri 2500-3000 manat arasında dəyişir:
"Burada daha çox günlük qiymətlər rol oynayır. Adətən aylıq qiymətlərdə azalma müşahidə edə bilirik. Məsələn, gündəlik həmin evlərin qiyməti 150-200 manatdan yuxarıdırsa, aylıq kifayət qədər böyük rəqəmdir. Amma şəxs həmin evi günlük deyil aylıq kirayə götürürsə, hazırkı vəziyyətdə 2500, infrastrukturundan asılı olaraq isə 3000 manata kirayələmək mümkündür. İyul ayının əvvəlinə doğru bu rəqəmlər bir qədər də artacaq".