Şəki, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şimal-qərb bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Sertifikatlaşdırma prosesinin ikinci günündə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 326 təhsilverən imtahanlarda iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, iyunun 19-da keçirilən imtahanda coğrafiya fənnini tədris edən və ibtidai sinif müəllimləri iştirak ediblər. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir. Test imtahan mərhələsinin ilk iki günündə ölkə, o cümlədən Şəki-Zaqatala bölgəsi üzrə imtahanlara Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər, həmçinin coğrafiya fənnini tədris edən və ibtidai sinif müəllimləri cəlb olunub. İyunun 20-də ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı, iyunun 24-də biologiya, kimya, iyunun 25-də isə fizika və informatika fənlərini tədris edən müəllimlərin sertifikasiyası keçiriləcək.