AZ

Müharibənin ilkin təsirləri: Azərbaycanda bu məhsullar bahalaşacaq Açıqlama

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

Son altı gündə İran və İsrail arasında müharibə iqtisadi əlaqələr və ticarət marşrutlarına da təsirsiz ötüşmür. Azərbaycan üçün isə bu vəziyyət xüsusilə həssasdır. Çünki ölkənin mühüm ticarət yollarının bir hissəsi İran ərazisindən keçir. Eyni zamanda Azərbaycan bazarına xeyli sayda İran məhsulları gətirilir.

Bəs münaqişə uzanarsa, bu, Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Bahalaşma ola bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, hələlik ciddi təhlükə görünməsə də, münaqişənin uzanması qiymət artımına səbəb ola bilər:

"Əslində, keçən ilin məlumatlarına baxanda görürük ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsi təqribən 500 milyon dollardır və bunun 90 faizinə yaxını İrandan Azərbaycana göndərilən və satılan məhsullardır. Azərbaycan isə İrana cəmi 40 milyon dollardan bir qədər çox dəyərində mal satır. Hələlik ticarət dövriyyəsində hər hansı bir axsamaya rast gəlinmir, çünki mal dövriyyəsi davam edir. Azərbaycanda satılan İran məhsullarının spesifik xüsusiyyətləri var. Bu, əsasən kənd təsərrüfatı, ərzaq məhsulları və məişət kimyasıdır. Bunlar əvəz olunması mümkün olan məhsullardır. Bir anlıq fərz etsək ki, İran məhsullarının Azərbaycana göndərilməsində problem yaşanacaq, bu o demək deyil ki, analoji məhsullar Azərbaycan bazarında olmayacaq. Sadəcə olaraq, İran məhsulları, xüsusilə də məişət kimyası məhsulları daha ucuz olduğuna görə vətəndaşlar seçimlərini onlara yönəldirlər".

Natiq Cəfərli bildirib ki, müharibə uzandıqca “risk marjı” adlı anlayış gündəmə gəlir.Yəni geosiyasi gərginlik dərinləşdikcə logistika, yükdaşıma riskləri artır və bu da qiymətlərə təsir edir:

"Bu nöqteyi-nəzərdən, əgər müharibə qarşıdakı həftələrdə də davam etsə, İrandan gələn məhsullarda müəyyən qiymət artımı müşahidə oluna bilər. İş adamları artıq həmin risk marjını qiymətlərin üzərinə əlavə edəcəklər."

Ekspert əlavə edib ki, İran həm də Şimal-Cənub nəqliyyat dəhlizinin əsas ayaqlarından biridir və bu dəhliz Azərbaycandan keçir. Lakin bu marşrut əsasən, İran və Rusiya arasında mal dövriyyəsinə xidmət edir:

"Çünki digər ölkələr hələ ki bu dəhlizə qoşulmayıb. Həm İran, həm də Rusiya sanksiyalar altındadır. Bu səbəbdən, Azərbaycan üzərindən keçən ticarət dövriyyəsində müəyyən axsamalar mümkündür. Çünki Azərbaycana digər ölkələrdən gələn məhsulların böyük əksəriyyəti əsasən, Gürcüstan vasitəsilə daxil olur. Ona görə də bu mərhələdə Azərbaycana hansısa təhlükənin olduğunu düşünmürəm."

N.Cəfərlinin sözlərinə görə, müharibə uzandıqca geosiyasi gərginliyin artması yol, nəqliyyat və logistika xərclərinin daim bahalaşmasına gətirib çıxaracaq:

"Bu baxımdan proses ümumilikdə dünyada inflyasiyaya, qiymət artımına, o cümlədən xaricdən gətirilən məhsulların yol xərclərinin yüksəlməsinə səbəb ola bilər. Çünki müharibənin getdiyi bölgələr - Fars körfəzi, Qırmızı dəniz, Süveyş kanalı əsas ticarət xətlərinin, dəniz yollarının keçdiyi bölgədir. Müharibə uzandıqca bu, qaçılmaz olaraq bütün dünyada logistika və yükdaşıma xərclərinin artmasına təsir göstərəcək. Azərbaycan da idxaldan asılı ölkə olduğuna görə, bu qiymət artımı ona da təsirsiz ötüşməyə bilər."

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
yenisabah.az

2Mənbələr