AZ

Liderlik zamanı: Kimlər sabahın söz sahibi olacaq?

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya yeni bir siyasi və iqtisadi mərhələyə qədəm qoyur. Qlobal güc balansı dəyişir, ənənəvi alyanslar yenidən nəzərdən keçirilir, bölgələr arasında strateji maraqlar uğrunda rəqabət daha da dərinləşir.

Bu mürəkkəb prosesdə yeni nəsil siyasi liderlərin formalaşması və onların rolunun artması xüsusilə diqqət çəkir. Hər bir ölkənin gələcəyi, qlobal səhnədəki mövqeyi və daxili sabitliyi məhz belə liderlərin vizionu və qərarları ilə müəyyən olunur. Azərbaycan da bu prosesdən kənarda deyil – əksinə, dəyişən dünyanın dizaynında öz yerini axtarır və bu axtarışda yeni liderlərə ehtiyac duyur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırkı şəraitdə Azərbaycan özünü regional güc mərkəzi kimi təsdiqləyib. Xüsusilə enerji resursları, nəqliyyat dəhlizləri və strateji coğrafi mövqe baxımından ölkəmizin əhəmiyyəti durmadan artır. Bu artan əhəmiyyət, paralel olaraq daha güclü, çevik və müasir düşüncəli liderlərin ortaya çıxmasını zəruri edir. Siyasi idarəetmədə yeni baxışlara, qlobal yanaşmalara və strateji düşüncə tərzinə sahib olan liderlər olmadan bu uğurlar davamlı ola bilməz:

"Yeni nəsil liderlərin yetişməsi, təkcə siyasi partiyaların daxilində və ya dövlət strukturlarında deyil, daha geniş sosial və intellektual müstəvidə baş verməlidir. Artıq liderlik yalnız idarəetmə bacarığı ilə ölçülmür – bu gün liderlər eyni zamanda informasiya cəmiyyətində ictimai rəyə təsir göstərə bilən, beynəlxalq münasibətləri təhlil edə bilən və dəyişən reallıqları düzgün oxuya bilən şəxslər olmalıdır. Təhsil, xarici təcrübə, analitik düşüncə və milli məsuliyyət  yeni nəsil liderlər üçün bu xüsusiyyətlər həyati əhəmiyyət daşıyır".

Elçin Xalidbəyli, politoloq

Onun sözlərinə görə, bununla belə, hazırkı mərhələdə bu liderlərin təsir imkanları hələ geniş deyil. Bunun bir neçə səbəbi var. İlk növbədə, siyasi institutların müəyyən sərhədləri, təcrübə azlığı və cəmiyyətin hələ tam şəkildə yeni liderləri qəbul etməyə hazır olmaması. Lakin bu, onların potensialını şübhə altına almaq anlamına gəlmir. Əksinə, sosial şəbəkələr, yeni media platformaları və artan ictimai fəallıq imkan verir ki, bu liderlər özlərini göstərsinlər və ideyalarını cəmiyyətə təqdim etsinlər:

"Gələcəyə baxışla demək olar ki, Azərbaycanın strateji perspektivində yeni liderlərin rolu böyük olacaq. Bu liderlər Türkiyə ilə müttəfiqlik münasibətlərinin dərinləşməsində, Orta Dəhliz layihəsinin inkişafında, Avropa ilə enerji əməkdaşlığında və regional təhlükəsizlik məsələlərində mühüm mövqedə duracaqlar. Onlar həm də sülh və sabitlik üçün lazımi diplomatik bacarıqlara sahib olmalı, ölkənin beynəlxalq imicini gücləndirəcək siyasətlərin müəllifi olmalıdırlar".

Sonda müsahibimiz vurğulayıb ki, yeni nəsil siyasi liderlərin formalaşması və onların təsir imkanlarının artması zaman tələb edən bir prosesdir. Lakin bu prosesin özündə böyük bir fürsət gizlənir, gələcəyin Azərbaycanı bu liderlərin baxışları və qərarları ilə formalaşacaq. Ona görə də bu liderlərin yetişməsi, dəstəklənməsi və düzgün istiqamətləndirilməsi təkcə siyasi sistemin deyil, ümumilikdə cəmiyyətin strateji vəzifəsidir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
bakivaxti.az

1Mənbələr