ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Latın Amerikası ölkəsi olan Argentina Rusiya ilə əlaqəli genişmiqyaslı dezinformasiya və təsir şəbəkəsinin izinə düşüb. Ölkənin Milli Kəşfiyyat Xidməti (SIDE) Rusiya vətəndaşlarından ibarət beş nəfərlik qrupun ölkədə ictimai rəyə təsir göstərmək və informasiya manipulyasiyası ilə məşğul olduğunu müəyyən edib. Bu barədə Prezidentin mətbuat katibi Manuel Adorni rəsmi mətbuat konfransında məlumat verib.
Aşkar edilən şəxslər arasında rusiyalı Lev Andriaşvili və onun həyat yoldaşı İrina Yakovenko da var. Onlar “Kompaniya” adlı qurumla əlaqələndirilir. Bu təşkilat isə “Olgino troll fabriki” kimi tanınan və dezinformasiya ilə məşğul olan “Laxta” layihəsinin tərkib hissəsidir. “Laxta” layihəsi vaxtilə “Vaqner” qrupunun rəhbəri, 2023-cü ildə həlak olmuş Yevgeni Priqojinə məxsus olub.
Argentina hökumətinin məlumatına görə, Andriaşvili və Yakovenko Rusiyadan birbaşa maliyyələşib. Onların əsas vəzifəsi yerli vətəndaşlarla əlaqələr qurmaq, informasiya yayım kanalları yaratmaq və ictimai rəyə təsir imkanları formalaşdırmaq olub. “Kompaniya”nın məqsədi Rusiya maraqlarına sadiq şəxslərdən ibarət şəbəkə yaratmaq, siyasi sistemin zəif nöqtələri barədə informasiya toplamaq və QHT-lərə təsir göstərməkdir.
Adorni bildirib: “Biz Argentinanın heç bir xarici dövlətin təsiri altına düşməsinə imkan verməyəcəyik.”
Hələlik rusiyalı şəxslərin saxlanılıb-saxlanılmadığı və ya barələrində cinayət işi açılıb-açılmadığı barədə rəsmi məlumat verilməyib.
Bu, Latın Amerikada ilk belə hadisə deyil. Bundan əvvəl Braziliyanın xüsusi xidmət orqanları da Rusiya agentlərindən ibarət 9 nəfərlik bir şəbəkə aşkar etmişdi. “The New York Times”ın məlumatına görə, həmin şəxslər Braziliyada casusluqla məşğul olmayıblar, məqsədləri “yeni bioqrafiya” – uzunmüddətli təsir əməliyyatları üçün yeni şəxsiyyətlər yaratmaq olub. Onlar ölkəni tərk edərək, ehtimal ki, Rusiyaya qayıdıblar.
Bütün bu faktlar Kremlin yalnız Avropa və postsovet məkanında deyil, uzaq Latın Amerikası ölkələrində də “yumşaq güc” və informasiya müharibəsi vasitəsilə təsir imkanlarını genişləndirdiyini göstərir. Bu proseslərin davamlı xarakter alması gələcəkdə Qərb və regional hökumətlərin daha sərt tədbirlər görməsinə səbəb ola bilər.
AzPolitika.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.