AZ

İsrail-İran müharibəsi və Ermənistanın hazırlaşdığı ssenarilər...


Afsəddin Nəbiyev: “İsrail-İran münaqişəsi regionda yeni siyasi reallıqların yaranmasına gətirib çıxara bilər”

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, İsrail-İran münaqişəsi bütün regionun sabitliyinə təhlükə yaradıb: “Qonşu ölkədə hərbi əməliyyatlar gedəndə, bu artıq regional sabitliyə təhlükədir və bundan sonra müxtəlif ssenarilər baş verə bilər. Ssenarilər haqqında danışmayacağam, çünki fala baxmağın mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, hökumət fərqli ssenarilərə hazırdır”.

Maraqlıdır, Rubinyan “hökumət fərqli ssenarilərə hazırdır” deyərkən nəyi nəzərdə tutir? Fərqli ssenarilər deyərkən Zəngəzur dəhlizinin açılması nəzərə tutulur? Axı bu məsələdə ən böyük maneə İrandır. İranın da iyunun 13-dən sonra vəziyyəti ortadadır. İsrailin İrana endirdiyi zərbələr bu ölkənin regionda oynadığı rolu əhəmiyyətli dərəcədə sarsıdıb.

“Təklənmiş Ermənistan Zəngəzur dəhlizini qeyd-şərtsiz açmaqla özünə yeni nəfəslik əldə edəcək”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Ruben Rubinyanın qonşu ölkədə baş verən regional təhlükəsizliklə bağlı həyəcan dolu açıqlaması başadüşüləndir. O, hökumətin fərqli ssenarilərə hazır olduğunu deməklə, bir neçə diqqətçəkən məqamı nəzərdətuta bilər. Birincisi bir həqiqəti bilirik ki, İranın Ermənistanı özünün müttəfiqi kimi təqdim etməsi əvvəlki dövrlərdə İranın "işinə" yarayırdı. İndiki situasiya elədir ki, İranı düşdüyü durumdan nəinki Ermənistan, nəhəng müttəfiqləri belə müdafiə etmək gücünə malik deyillər. Ruben Rubinyan bu məsələni bilməmiş deyil. Bugünə kimi Zəngəzur dəhlizinin açılmasına ciddi maneələr yaradan əsas ölkələrdən biri də İran İslam Respublikası olub və bu, hamıya bəlli olan məsələdir. Həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dövründə Ermənistana hərbi, iqtisadi siyasi dəstək verən İran rəsmiləri Zəngəzur dəhlizini özünün "qırmızı xətti" elan edib. Əsllində molla rejimi dəhlizin açılmasından ona görə narahatdır ki, bu yol açılarsa Naxçıvan uzun illərdən sonra blokadadan çıxa bilər. Bununla da Azərbaycanın İrandan asılılığı aradan götürülər. İkincisi də, belə olduğu halda İran Rusiyanı da bu məsələdə özündən asılı vəziyyətdə saxlamağa çalışırdı. Bu da ortadan qalxacaq. Üçüncü ən vacib məsələ, dəhliz vasitəsilə Türkiyə Orta Asiyaya yeni giriş qazana bilər deyə İran bu yaxınlaşmanı istəmir. Bölgədə baş verən İsrail-İran münaqişəsi yeni siyasi reallıqların yaranmasına gətirib çıxara bilər. Birinci növbədə bölgədə tamamilə təklənmiş Ermənistan Zəngəzur dəhlizini qeyd-şərtsiz açmaqla özünə yeni nəfəslik əldə edəcək. İkincisi ən vacib məsələ, dəhlizin açılması Ermənistanın bir dövlət kimi xilası deməkdir. Çox güman ki, Rubinyan dolayı da olsa bu məsələlərə işarə edir”.

Vidadi ORDAHALLI

Seçilən
9
baki-xeber.com

1Mənbələr