AZ

Paşinyan Rusiyanın göndərdiyi təhlükəli milyarder barədə fakt açdı...


Ermənistanda “Tashir Group” şirkətinin sahibi, milyarder Samvel Karapetyanın məhkəməsi başlayıb. “Forbes” biznesmenin sərvətini 3,2 milyard dollar həcmində qiymətləndirir. O, Rusiya Federasiyasının ən varlı adamları siyahısında 44-cü yerdədir. Həbsə səbəb Karapetyanın Erməni Apostol Kilsəsinə hücumlara görə Ermənistan hökuməti ilə mübarizə aparacağına söz verməsidir. İş adamı hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunub.

Karapetyanın vəkili Armen Feroyan deyir ki, buna görə o, həbs (bir aydan beş ilədək), cərimə və ictimai işlər (150 saatdan 270 saata qədər) cəzalandırıla bilər. Bu hal həm də İrəvanın Moskvaya növbəti zərbəsi hesab olunur. Çünki Karapetyan Rusiyanın əsas adamlarından biri hesab olunur. Elə bu səbəbdən rus televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edib, onun ünvanına təhqirlər səsləndirib. Ermənistan Xarici İşlər Nazirliyi Vladimir Solovyova görə Rusiyaya nota verib. Xarici işlər naziri Ararat Mirzoyan bildirib: “Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib”. Bununla yanaşı, Paşinyan Karapetyanı sıradan çıxarmaqda israrlı görünür.

Onu da xatırladaq ki, son bir neçə həftə ərzində Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini nikahdankənar uşağının olmasında ittiham edir və dövlətin iştirakı ilə yeni katolikos seçilməsinə çağırır. Paşinyan həmçinin bildirib ki, keşişlər onun işlərinə qarışmamalıdırlar. Eyni zamanda o, kilsələrin dağınıqlığına qarşı mübarizə aparmağı tələb edir, bu prosesi “yüksəliş” adlandırır. Baş nazirin həyat yoldaşı Anna Akopyan bildirib ki, ərinin mövqeyindən narazı olan keşişlər pedofildir, çünki onlar üçün şkafda pozğunluqla məşğul olmaq daha əlverişlidir. Ekspertlər hesab edirlər ki, Paşinyanın kilsə əleyhinə kampaniyası gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə təsadüf edir. Baş nazir heç vaxt öz rejiminə o qədər də sevgisi olmayan Erməni Apostol Kilsəsinin müxalifətə dəstək verə biləcəyindən narahatdır. Bu, çətin ki, Paşinyanın rəqiblərinin populyarlığının ciddi şəkildə artmasına səbəb olsun, çünki onların antireytinqi çox yüksəkdir və keşişlərin reputasiyası qüsursuz deyil. Lakin keşişlərin dəstəyi ilə müxaliflər bir neçə həlledici əlavə faiz xalları əldə edə bilirlər. Buna görə də, baş nazir kilsəni nüfuzdan salmaq və onların əlaltılarına qarşı barışmaz mübarizə dalğasında öz nüfuzunu yüksəltmək üçün indidən hərəkətə keçib. Bununla yanaşı, Paşinyan bildirib ki, Karapetyanın saxlanması təkcə onun hökumət əleyhinə bəyanatları ilə bağlı deyil: “Çoxsaylı regional səfərlərim zamanı təəccüb və qəzəblə qeyd etdim ki, əslində “Ermənistan elektrik şəbəkəsi” öz fəaliyyəti nəticəsində Ermənistanda, demək olar ki, enerji böhranı yaradıb. Mənim təhlilim bütün bunların Ermənistanda daxili narazılıq yaratmaq üçün edildiyi və edilməkdə olduğu fikrindən əl çəkməyə imkan vermir. Mən göstəriş vermişəm ki, “Ermənistan elektrik şəbəkəsi”nin milliləşdirilməsi üçün mexanizmlər yaradılsın. Mənim sərəncamımın müddəti iyunun 21-də başa çatır”.

Məlum olduğu kimi, 2016-cı ilin dekabrında Samvel Karapetyan “Ermənistan elektrik şəbəkəsi”ni bir milyard dollara alıb. Həmin ilin yayında ölkədə elektrik enerjisinə ödəmələrin artırılmasına etiraz aksiyaları keçirmişdi. Karapetyan şəbəkəyə sahib olduqdan sonra onları müvəqqəti olaraq dayandırdı. Bu şirkətin satışında da saxtakarlığın olduğu iddia olunur. Ermənistan hakimiyyəti bundan əvvəl “İnter RAO”nun Kiprdə qeydiyyatdan keçmiş “Liormand Holdings Limited”ə “Ermənistan elektrik şəbəkəsi” QSC-nin 100 faiz səhmlərinin ötürülməsi təklifini qəbul edib. Ermənistanın o vaxtkı baş naziri Ovik Abramyan müvafiq qurumlara Kipr şirkətinin qanunun tələblərinə uyğunluğunu yoxlamağı və “Liormand”ın elektrik şəbəkələrinin indiki sahiblərinin ölkə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə söz verdiyi sazişin layihəsini hazırlamağı tapşırmışdı. Bu məsələni sonralar “Tashir Group” şərh etməkdən imtina etmişdi. S. Karapetyan o vaxtkı prezident Serj Sarkisyanın da ən sevimlilərindən olub. Paşinyan bildirib ki, indiki vaxtda Karapetyanın aktivləşməsi təsadüfi deyil: “Bu aktivləşməni öz əmrimlə, qərarımla əlaqələndirirəm, çünki hökumət üzvləri işə başlayıblar, “Tashir Group”a mesaj veriblər, deyirlər ki, “siz xalqa, təkcə xalqa deyil, dövlət və özəl qurumlara da nə qədər ziyan vurmusunuz, bunu dəqiq hesablayın”. Çünki getdiyim hər bir yerdə, hər rayonda insanlar açıq-aydın suallar verir, deyirlər, yuyucu maşınları söndürürdülər, işıqları söndürürdülər, soyuducu aldım, yandı, televizorumuz var idi, yandı... Mən deyirəm ki, kilsə indi “Tashir Group”un sahibləri üçün sadəcə tüstü pərdəsidir”. Baş nazir bildirib ki, onun fikrincə, “Ermənistan elektrik şəbəkəsi”nin milliləşdirilməsinin vaxtı çatıb. Və bu, tez və şirkətin fəaliyyətini dayandırmadan baş verməlidir. Buna baxmayaraq, Karapetyanın müdafiəçiləri də az deyil. Onlardan biri də keçmiş baş nazir Karen Karapetyan olub: “Uzun illər onun ailəsinin fəaliyyəti vətənimizin inkişafı ilə bağlı olub... Bu kontekstdə, təbii ki, Samvel Karapetyan Erməni Apostol Kilsəsinə qarşı həyata keçirilən tədbirlərə biganə qala bilməzdi”.Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Mikael Ambartsumyan hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu prosesdə iştirak etməməlidir: “Vətənimizdə xarakterik toqquşmalar və nəticələri olan dərin böhran var”. Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan deyib ki, Karapetyanın saxlanması Paşinyanın seçki strategiyasına uyğundur: “Hökumət başçısı alternativ ssenaridə parlament seçkilərində qalib gələ bilməyəcəyini başa düşdüyü üçün müxalifəti maksimum təmizləməyə çalışır. Əsas diqqət Karapetyanın rus mənşəli olmasına yönəldiyi halda ən radikal üsullardan istifadə edilir. Təbliğat göstərir ki, rusiyalı milyarder Ermənistanın enerji sistemini qəsdən sarsıdıb, hakimiyyət dəyişikliyi və Moskvanın maraqlarına ümid bəsləyir”. Ekspertin fikrincə, Paşinyan çox qətiyyətlidir. Xüsusilə, bunun nə dərəcədə qanuni olacağı bilinməsə də, onun həqiqətən də “Ermənistan elektrik şəbəkəsi”ni milliləşdirəcəyini istisna etmək olmaz: “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın Karapetyanın həbsi fonunda istefaya getdiyini nəzərə alsaq, bizi ciddi dəyişikliklər gözləyir... Yəqin ki, hər şey Moldova ssenarisi üzrə olacaq: Qərbin dəstəyi ilə vintlərin maksimum bərkidilməsi. Eyni zamanda, təsadüfi deyil ki, Karapetyanın da bu nöqteyi-nəzərindən onun da problemi var. “Gürcü arzusu”, Bidzina İvanişvili buna misaldır: o da Rusiyada da var-dövlət qazanıb”. Qeyd edək ki, Karapetyanın məhkəməsi həqiqətən də siyasi aksiyaya çevrilib. Milyarderin bir neçə yüz tərəfdarı, o cümlədən keşişlər Femida məbədinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb ediblər. Politoloq Mikael Zolyan isə əksinə hesab edir ki, iş seçkilərlə deyil, “Ermənistan elektrik şəbəkəsi” ilə bağlı ola bilər: “Şirkətin milliləşdirilməsi uzun müddətdir ki, hazırlanırdı, çünki “Ermənistan elektrik şəbəkəsi”nin çoxlu problemləri var. Onlar özlərini xüsusilə ötən ilin yayında nümayiş etdirdilər. Görünür, dövlətlə Karapetyan arasında münaqişə o vaxt yaranıb. Hakimiyyət “Ermənistan elektrik şəbəkəsi”nin milliləşdirilməsinin bütün problemləri həll edəcəyinə inanırdı və Karapetyan müdafiə strategiyası quraraq, özünü kilsənin müdafiəçisi və siyasi repressiya qurbanı kimi təqdim etmək qərarına gəlib”.

Tahir TAĞIYEV

Seçilən
7
baki-xeber.com

1Mənbələr