“Turan Tovuz” iyunun 10-da heyətlə bağlı gözlənilməz həmlə edərək 9 futbolçu ilə yolları ayırdı. Söhbət müqavilə müddəti başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevdən gedir. Klub onlarla sosial şəbəkədə paylaşdığı təşəkkür postuyla vidalaşdı.
Sirr deyil ki, bunda bölgə təmsilçisinin Konfrans Liqasına vəsiqə qazanmamasının da ciddi rolu oldu. Əks halda, kollektivdə belə radikal dəyişiklik ciddi risk mahiyyətində olacaqdı. Görünür, hədəfə çata bilməyən “bozqurd” növbəti mövsümdə premyer-liqada rəqabətin artacağının, legioner limitinin ləğvindən sonra proqnozlaşdırılan səviyyə yüksəlişinin fərqindədi. Əlbəttə, belədə daha güclü komandaya ehtiyac var ki, klub strategiyasını məhz bu məqam üzərində formalaşdırmaq niyyətindədi.
Bu yazıda məhz “Turan Tovuz”la bağlı dəyişikliklərin arxa pərdəsinə işıq salmağa çalışacağıq.
Gedənlərin arxada buraxdığı
Mövsümə fırtına kimi başlayan tovuzlular ilk 5 matçda Kovonalovun qoruduğu “çərçivə”də top görməsə də, “Sabah”la matçda pozulan seriya sonrakı oyunlara da mənfi təsir göstərdi. İş o həddə çatdı ki, baş məşqçi Kurban Berdıyev bəzi matçlarda digər qapıçıya – Sergey Samoka güvənməli oldu. Ümumiyyətlə, rusiyalı mövsüm ərzində premyer-liqada meydana çıxdığı 22 matçın 10-da qapısını toxunulmaz saxlayıbsa, qalan görüşlərdə 24 qol buraxıb. Maraq üçün qeyd edək ki, klub onunla daha 1 il müddətinə anlaşmaq hüququna malik idi.
İstənilən halda, uğursuzluğu təkcə Kovonalovla əlaqələndirmək insafsızlıq olar. Axı bunda Kauan Martinsin də payı az deyil. Yanvarda komandaya qoşulan, “6 ay+1 il” müddətinə müqaviləyə qol çəkən müdafiəçi 15 matçda 2 qola imza atsa da, ampluası üzrə vəzifələrini layiqincə icra edə bilmədi. Əlbəttə, belədə yeni anlaşmaya ehtiyac yox idi. Da Silvanın ayrılığı da bu baxımdan əhəmiyyətli addımdı. 35 yaşını tamamlayan yarımmüdafiəçinin performansı lazımi səviyyədə deyildi. Bəllidi ki, 34 oyunda cəmi 3 qol, 1 məhsuldar ötürmə müəllifi olmağı bacarmaq “bozqurd”un parlaq hədəfləri üçün ümid vəd edə bilməz.
Artıq vətəni İrana qayıdan və “Xeybər”lə 1 illik müqaviləyə qol çəkən Araş Qadiri də mövsümün fərsizlərindən oldu. Halbuki ötən ilin yayında onunla “2+1” illik müqavilə imzalanmışdı. Cəmi 20 matçda forma geyən mərkəz müdafiəçisi komandasına ciddi fayda vermədi. 35 matçda 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalan Serranoya gəlincə, o, daha çox məvacib tələbinin qarşılanmamasına görə yola düşdü. Başqa ölkələrdən, ən əsası, “Zirə”dən təklif alan ispaniyalının uzun müddət klubsuz qalmayacağı gün kimi aydındı.
Sadiq Quliyevlə Eltun Turabovun ayrılığı isə sürpriz deyil. Çünki 2024/25 mövsümündə nə varlıqlarını hiss etdirdilər, nə də yoxluqlarını hiss etdik. 30 yaşlı Sadiq 1, 28 yaşlı Eltun isə 6 matçda meydana çıxdı. Qısası, yetərincə təcrübəli olduqları halda legionerlərlə amansız rəqabət onları “sındırdı”. İsmayıl Zülfüqarlıyla bağlı durum isə bulanıq görünür. Mövsüm ərzində 31 matçda forma geyən futbolçu məxsus olduğu kluba – “Neftçi”yə qayıdıb. Böyük ehtimalla, müdafiəçiyə legioner limitinin ləğvi üzündən ehtiyac duyulmadı. O başqa məsələ ki, “bozqurd”un müdafiə xətti “futbol ili” ərzində yaxşı təsir bağışlamadı.
Gözləntilərə ən ağır zərbə isə Anton Kraçkovskidən gəldi. Gah rəqabətdə uduzdu, gah da zədələndi. O, yanvardan mövsümün sonuna qədər cəmi 6 matçda şans qazana bildi ki, hansısa uğura imza atmadı.
Beləliklə, “Turan Tovuz” üçün yalnız Serranonu itki saya bilərik. Qalan qərarlar həm indiyəqədərki hadisələrin axarına uyğundu, həm də ciddi hədəflər uğrunda çalışacağı gözlənilən komandanın gələcək hədəflərinə. Lakin 2025/26 mövsümü üçün güclü heyət araya-ərsəyə gətirərkən yüz ölçüb bir biçmək mütləqdi. Niyə? Açıqlayaq.
Berdıyevin “Axilles dabanı”
Maraqlıdı ki, “Turan Tovuz”dan ayrılanlardan altısı məhz Kurban Berdıyev baş məşqçi postunda olduğu vaxt transfer edilib. Sizi qalan üçünün, yəni Serrano, Eltun və Sadiqin durumundan xəbərdar etdik. Bəlli oldu ki, yalnız Serrano ilə bağlı addım anlaşılan deyil. Belədə rusiyalı mütəxəssisin seleksiya bacarığının yüksək səviyyədə olmadığı ortaya çıxır.
Ümumiyyətlə, “bozqurd” onun rəhbərliyi altında 15 oyunçuyla anlaşıb. Bunlardan Fərid Yusifliylə Veysəl Rzayev onsuz da 2023/24 mövsümündə icarə əsasında bölgə təmsilçisinin şərəfini qoruyurdu. Sadəcə, Berdıyevin təyinatından sonra həmin oyunçularla birdəfəlik müqavilə imzalandı. Digər adlara gəlincə, Sergey Samok, Hayderson Urtado, Rüfət Əhmədov, Tural Bayramlı, Rəhim Sadıxov, Orxan Əliyev və Jo hələ də “bozqurd”un heyətindədi.
İş ondadı ki, tovuzlu tərəfdarlar haqlı olaraq, aparıcı oyunçular sırasında yer alan Orxanla Rəhimin performansından narazıdı və bunu hər fürsətdə dilə gətirir. Jo da hələ komandada özünə yer tapa bilməyib. Mövsüm ərzində Tural 8, Rüfət 14 matçda tər töküb. Qısası, yalnız Samokla Urtado qənaətbəxş çıxışla yadda qalıb. Qolkiper 14 matçdan üçünü “quru” keçiribsə, qalanında 15 qol buraxıb. Urtado isə mərkəz müdafiəçisi olmasına rəğmən, 14 qarşılaşmada 2 qol vurub. Yəni mövqedən asılı olmayaraq, “bozqurd”dan yardımını əsirgəməyib.
Belədə əminliklə Berdıyevin seleksiya qabiliyyətinin aşağı səviyyədə olduğunu deyə bilərik. Təbii ki, heyətlə bağlı bütün seçimlər, ən əsası, son söz ona məxsusdusa...
Nə etməli?
Məlum olduğu kimi, növbəti mövsüm premyer-liqada 12 komanda iştirak edəcək. Legioner limitinin ləğvi fonunda rəqabətin artacağı sirr deyilsə, “Sabah” və “Neftçi”nin də avrokuboklar uğrunda gərgin mübarizəyə qoşulacağına şübhə yoxdu. Hələ baş məşqçisiz qalan “Sumqayıt”ın hansı hədəf uğrunda döyüşəcəyini bilməsək də, azı 6 komandanın ilk “dördlük”də qərarlaşmaq üçün ölüm-dirim savaşında olacağı bəllidi.
Qısası, mövsümlərarası fasilədən maksimum yararlanmaqdan, seçimlərdə cüzi də olsa, səhvə yol verməməkdən başqa çarə yoxdu. “Turan Tovuz” 2024/25 “futbol ili”ndə başına gələnlərdən mütləq dərs çıxarmalıdı. Yoxsa tovuzluların xəyalları qəlbində, sevinci qursağında qalacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta