AZ

Dostunu güllələyərək öldürən “Cümü” ləqəbli şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Kürdəmirdə dostunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: Kürdəmir rayonunda “Cümü” ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meylli şəxsdir.


Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.


Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd 3 dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha 2 dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.


Zərərçəkmiş şəxs qismində tanınmış Fərid Məmmədov “Cümü”nün silahı ona tuşlayaraq atəş açdığını, lakin açılmadığını deyib.
 

Cümşüd İsmayılov isə ifadəsində hadisə vaxtı Müşfiqin oğluna atəş açmadığını, onu öldürmək niyyətinin olmadığını bildirib.


İbtidai istintaq “Cümü” ləqəbli şəxsin Müşfiqin oğlunu da qətlə yetirmək istəməsi qənaətinə gəlib və ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddələr üzrə Cümşüdə bəraət verib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (Xüsusi amansızlıqla adam öldürmə və qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cümşüd İsmayılova 18 il həbs cəzası verilib. Onun cəzasının 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.

Kamal Məmmədov 

Tarix: 20 İyun 2025, 09:20   
Seçilən
10
1
pravda.az

2Mənbələr