"Football-plus.az" xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millimizin baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (3:2) sonra affa.az-a açıqlamasında deyib.
O, qarşılaşmada futbolçularının əzmkarlıq göstərdiyini söyləyib:
“Həm də xarakter göstərmələri təqdirəlayiqdi. Düzdü, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı. Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədi. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik”.
Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib: “Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar”.
Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib:
“İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq”.