AZ

Zəngəzur ətrafında yeni gərginlik: Kim nə istəyir?

 “Ermənistanın necə adlandırmasından asılı olmayaraq, Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyanın "Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq" sözlərini Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Əli Oruclu deyib.

Onun sözlərinə görə, dəhlizi özünün "qırmızı xətti" hesab edən və dəhlizin açılmasına əngəl yaratmağa çalışan İran molla rejimi artıq öz mövcudluğunu qorumaq iqtidarında deyil:

"İsrail-İran müharibəsi Yaxın Şərqin yeni dizayn edilməsində müstəsna rol oynadığından bundan Cənubi Qafqaz da ciddi təsirlənəcək. İrəvan bölgədə Tehranın simasında iddialı bir müttəfiqini itirdi. Ukrayna-Rusiya müharibəsi yeni daha dağıdıcı fazaya qədəm qoyur. İrəvanın başda Fransa olmaqla qərbli dostları Rusiyadan təhlükələrin qarşısını almağın və Yaxın Şərqdəki mürəkkəb dönəmdə öz maraqlarını müdafiə etməyin yollarını axtarmaqla məşğuldur ".

Əli Oruclu: Simonyan dəhlizə "yol" adı verməklə daxili auditoriyanı sakitləşdirməyə çalışır

Analitik qeyd edib ki, Azərbaycan tərəfi dəhlizdən keçən yüklərin və ordan istifadə edən insanların sərbəst təhlükəsiz və heç bir yoxlamaya məruz qalmadan keçməsini və istifadəsini tələb edir:

"Ermənistan isə bunun əksini istəyir. Görünür erməni spiker Alen Simonyanın bu fikri mövcud daxili gərginliyə görə dəhlizə "yol" adı verməklə daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Bununla da opponentlərinə daha bir müzakirə mövzusu və arqument vermək istəməyib".

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq. Spiker Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib:

"Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib".

Bildirək ki, "dəhliz" termini beynəlxalq hüquqda xüsusi statusa malik bir anlayışdır. Bu, bəzən bir ölkənin ərazisindən keçən, lakin həmin ölkənin suverenliyindən kənarda olan nəqliyyat zonası kimi başa düşülür.

Simonyanın "dəhliz yox, yol olacaq" deməsi Ermənistanın öz ərazisində Azərbaycanın nəzarətsiz tranzit hüququndan imtina etməsi deməkdir. İrəvan bu nəqliyyat əlaqəsinin açılmasını öz qanunvericiliyi və suverenliyi çərçivəsində baş tutmasını istəyir.

2020-ci il 10 noyabr üçtərəfli bəyanatında konkret "dəhliz" ifadəsi işlədilməsə də, Azərbaycan tərəfi bunu "Zəngəzur dəhlizi" kimi izah edir. Ermənistan isə bu yanaşmaya qarşı çıxır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Naxçıvanla quru əlaqəsinin bərpası geosiyasi və iqtisadi əhəmiyyət daşıyır və mütləq reallaşmalıdır.

Aydın Baxış

Seçilən
9
bakivaxti.az

1Mənbələr