AZ

Tarixdən əvvəlki dövrdə - təqribən 10 min il əvvəl yaşamış qadının üz cizgiləri bərpa edilib

Bakı, 20 iyun, AZƏRTAC

Alimlər ən son texnoloji nailiyyətlərin köməyi ilə tarixdən əvvəlki dövrdə - 10 min il əvvəl yaşamış qadının üz cizgilərini bərpa edib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, arxeoloqların “Marqo” adlandırdığı qadının qalıqları 1988-ci ildə Belçikadakı bir mağarada tapılıb.

“Het Nieuwsblad” qəzetinin yazdığına görə, Gent Universitetinin (UGent) alimləri və rəssamlar Meys çayı vadisində təxminən 10 min il əvvəl yaşamış tarixdən əvvəlki qadının üzünü və yaşayış mühitini bərpa edə biliblər. İlk fotoşəkil Namur əyalətinin Dinant şəhərində keçirilən təqdimatda göstərlib. Yenidən qurulan qadın fiquru səyyar sərgi çərçivəsində Flandriya və Valloniya muzeylərinə ekskursiyaya çıxarılacaq.

Tarixdən əvvəlki dövrdə yaşamış qadının gündəlik həyatının aspektləri rəssam Ulko Qlimmervenin rəhbərliyi altında yenidən yaradılıb. Yaşayış mühiti onun mezolit dövründəki həyatını əks etdirən arxeoloji məlumatlar və elmi modellər əsasında təsvir edilib. Düşərgələr, ov texnikası və nəqliyyat vasitələri 10 min ildən çox əvvəlki dünyanı təsvir etmək üçün yenidən qurulub.

Genetik araşdırmalar göstərir ki, “Marqo” adlandırılan bu qadın Böyük Britaniyadan olan məşhur “Çeddar adamı” da daxil olmaqla Qərbi Avropada mövcud olmuş ovçu-toplayıcı qəbilələrlə qohumdur. “Çeddar adamı” kimi, bu qadının da mavi gözləri var idi, lakin onun dərisi eyni dövrün bir çox digər insanından bir qədər açıq idi.

Arxeologiya, antropologiya, genetika və incəsənət kimi sahələri birləşdirən komanda həm elmi cəhətdən əsaslandırılmış, həm də vizual olaraq cəlbedici rekonstruksiya yarada bilib.

Seçilən
0
1
azertag.az

2Mənbələr