Dünyada gəzməli-görməli yerlər saysız-hesabsızdır. Bir çox insanın arzusu isə bu möhtəşəm məkanları görmək, yeni mədəniyyətləri tanımaq və fərqli təcrübələr yaşamaqdır. Lakin qiymətlərin yüksək olması və büdcə məhdudiyyətləri bu arzunun reallaşmasına əngəl törədə bilir.
Bununla belə, 12 ildən artıq səyahət təcrübəsinə malik olan beynəlxalq bloqer Marek Bron dünyanın müxtəlif bölgələrinə etdiyi səfərlərə əsaslanaraq, həm maraqlı, həm də əlverişli qiymətə səyahət edilə bilən ölkələrin siyahısını hazırlayıb. Bu ölkələrdə gündəlik bütün xərclər – yaşayış, yemək, nəqliyyat cəmi 25–50 ABŞ dolları arasında dəyişir. Başqa sözlə, Nyu-Yorkda və ya Londonda bir restoranda ödədiyiniz məbləğlə bu ölkələrdə bir gün dolu-dolu səyahət etmək mümkündür.
Valyuta.az 2025-ci ildə səyahət etməyə dəyər 10 ən ucuz ölkəni təqdim edir:
Bolqarıstan
Qərbi Avropanın səs-küyündən uzaq, zəngin tarixi və sakit şəhərləri ilə seçilən Bolqarıstan Avropanın ən münasib qiymət təklif edən ölkələrindən biridir. Belogradçik qalası, Rila monastırı, dağ yürüşləri və qədim Plovdiv şəhəri ilə mədəniyyət və təbiəti bir araya gətirir.
Gündəlik büdcə: 40–70 dollar
Səfər vaxtı: yaz, yay, payız
Meksika
Rəngarəng şəhərləri, ləzzətli mətbəxi və iqtisadi baxımdan əlverişli Meksika həm Şimali, həm də Avropalı turistlər üçün əlverişli istiqamətdir. Oaxaca və Mexico City ucuz qiymətlərlə mədəniyyət və əyləncəni birləşdirir.
Gündəlik büdcə: 40–65 dollar
Səfər vaxtı: iyun–sentyabr, oktyabr–noyabr, yaz
Vyetnam
Ucuz yemək, təbii gözəlliklər və yüksək xidmət keyfiyyəti ilə seçilən Vyetnam Asiyada az büdcə ilə səyahət etmək üçün ideal ölkədir. Tam Coc və Phong Nha mağaraları kimi yerlər təbiət həvəskarlarını cəlb edir.
Gündəlik büdcə: 25–45 dollar
Səfər vaxtı: noyabr–mart, aprel–iyun, sentyabr–oktyabr
El Salvador
Son illərdə təhlükəsizlik baxımından ciddi dəyişikliklər nəticəsində El Salvador turistlər üçün daha əlçatan və təhlükəsiz ölkəyə çevrilib. Sörf çimərlikləri, aktiv vulkanlar və kolonial şəhərlər burada əsas turistik məkanlardandır.
Gündəlik büdcə: 30–45 dollar
Səfər vaxtı: noyabr–mart
Albaniya
Avropada Aralıq dənizi sahillərinə ən ucuz çıxışı təmin edən Albaniya hələ də geniş kütlələr tərəfindən kəşf edilməyib. Dağlar, tarixi şəhərlər və yeni yaradılmış Vjosa Milli Parkı bu ölkəni təbiət və macəra sevənlər üçün ideal edir.
Gündəlik büdcə: 25–50 dollar
Səfər vaxtı: aprel–iyun, sentyabr–oktyabr
Tayland
Taylandın şimalında yerləşən Çianq May regionu xüsusilə azbüdcəli turistlər üçün cəlbedicidir. Burada hostellər 6 dollardan, hovuzlu otellər isə 35 dollardan başlayır. Küçə yeməkləri isə həm dadlı, həm də çox ucuzdur.
Gündəlik büdcə: 30–60 dollar
Səfər vaxtı: noyabr–fevral, aprel–iyun, oktyabr
İndoneziya
Bali ilə tanınsa da, İndoneziyada Komodo, Java və Sulavesi kimi adalar daha az turistik və daha sərfəli səyahət təklif edir. Burada yemək cəmi 2–2.5 dollar, otellər isə 12 dollardan başlayır.
Gündəlik büdcə: 30–50 dollar
Səfər vaxtı: iyun–sentyabr, mart–may, oktyabr–noyabr
Transilvaniya (Rumıniya)
Drakulanın vətəni kimi tanınan Transilvaniya Avropanın orta əsr atmosferi ilə seçilən nadir bölgələrindəndir. Karpat dağları, qədim kilsələr və ucuz xizək mərkəzləri ilə tanınır.
Gündəlik büdcə: 30–60 dollar
Səfər vaxtı: aprel–may, yay, sentyabr–oktyabr
Nikaraqua
Kosta-Rikanın daha sərfəli alternativi olan Nikaraqua Ometepe adası, San Xuan del Sur çimərlikləri və kolonial şəhərləri ilə cəlbedicidir. Qiymətlər isə əhəmiyyətli dərəcədə aşağıdır.
Gündəlik büdcə: 30–40 dollar
Səfər vaxtı: noyabr–may
Türkiyə
İstanbulun tarixi küçələrindən tutmuş Kapadokya səhrasına və Aralıq dənizi çimərliklərinə qədər Türkiyə müxtəlif zövqlərə uyğun təcrübə təqdim edir. Son illərdə bahalaşma olsa da, qlobal səviyyədə hələ də münasib sayılır.
Gündəlik büdcə: 50–70 dollar
Səfər vaxtı: aprel, oktyabr
Sərvanə Rəmixanova