AZ

® “Həkimlərimizi tanıyın!”

Xoş, mehriban rəftarı, eyni zamanda, uğurlu əməliyyatları ilə xəstələrin hörmət və rəğbətini qazanmış yüksəkixtisaslı həkim, ümumi cərrah, tibb elmləri doktoru Aynur Səfiyevanı təqdim edirik.

Aynur Səfiyeva Mərkəzi Gömrük Hospitalında ümumi cərrahi xidmətlər, cərrahi və konservativ qastroenterologiya, kolorektal cərrahiyyə, funksional və endoskopik müayinələr, cərrahi proktologiya və FQDS kolonoskopiya daxil olmaqla, bütün növ endoskopik müdaxilələri həyata keçirir. Həkim barədə daha ətraflı https://customshospital.az/aynur-sefiyeva/#  linkindən məlumat almaq olar.

O, 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1997-1998-ci illərdə Ə. D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura keçib. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə Ə. D. Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında ümumi cərrah kimi başlayıb. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə MediClub Klinikasında konsultant-koloproktoloq kimi çalışıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir. 2024-cü ilin martında doktorluq dissertasiyasını uğurla müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən cərrahiyyə ixtisası üzrə tibb elmləri doktoru ali elmi dərəcəsini alıb.

Ümumi cərrah Aynur Səfiyeva 2012-ci ildə İtaliyanın Modena şəhərində Nuovo Ospedale S. Agostino Esfence de Baggiovarada laparoskopik kolorektal cərrahiyyə kursunda, 2013-cü ildə Türkiyənin İstanbul Universitetinin Cərrahi Endoskopiya şöbəsində anal kanalın fizioloji tədrisi və 2015-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində Obstetrik anal sfinkter zədələnməsi və anorektal ultrasəs müayinəsi kursunda, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində keçirilən Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. 2022-ci ildə Şuşa şəhərində "Şuşa ili - 2022" çərçivəsində Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər Konqresində, Naxçıvan şəhərində keçirilən I Beynəlxalq Tibbi Forumunda “Kolorektal poliplərin bədləşməsində xərçəng kök hüceyrələrinin əhəmiyyəti varmı?” mövzusunda təqdimatlarla çıxış edib. İtaliyanın Roma şəhərində keçirilən “Fecal İncontinence and Obstructed Defecation 2022” mövzusunda beynəlxalq konqresdə, Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfransda məruzəçi və iştirakçı qismində iştirak edib. O, 2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilmiş 2-ci Beynəlxalq Türk Kolorektal Cərrahiyyə Konqresində və XIX Milli Kolon və Rektal Cərrahiyyə Konqresində, 2024-cü ilin martında Cənubi Koreyanın Seul şəhərində Koreya Universitetinin Anam Hospitalında Kolorektal cərrahiyyə və endoskopiya üzrə təkmilləşmə kursunda iştirak edib.

2023-cü ilin mart ayında Avropa Ittifaqının “Qadın böyük qüvvədir” layihəsinin sertifikatı, 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və 2023-cü ildə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunub. Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Aynur Səfiyeva İtaliya və Avropanın aparıcı universitetlərindən biri olan Cattolica del Sacro Cuore Universitetində “Proktologiya və çanaq dibi cərrahiyyəsi”üzrə master dərəcəsi alıb.

Onun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Seçilən
7
1
azertag.az

2Mənbələr