AZ

“Parma” Karlos Kuestaya tapşırıldı

“Parma” rəhbərliyi 29 yaşlı ispan mütəxəssis Karlos Kuestanı “səlibçilər”in baş məşqçisi vəzifəsinə təyin edib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

A Seriyası təmsilçisinin gənc mütəxəssislə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Kuesta iyunun 26-da ictimaiyyətə rəsmən təqdim ediləcək.

Buna qədər Kuesta “Arsenal”da çalışıb, gənc mütəxəssis “topçular”ın 43 yaşlı ispan baş məşqçisi Mikel Artetanın köməkçisi olub.

Karlos Kuesta futbolçu karyerasına 18 yaşında xitam verərək, məşqçik fəaliyyətinə başlayıb. Kuesta Madrid “Atletiko”sunun akademiyasında U-17 komandasının baş məşqçisinin köməkçisi işləyib. Ardınca Kuesta “Yuventus”un yeniyetmələrdən ibarət komandasında çalışıb. 2020-ci ildən isə gənc mütəxəssis, “Arsenal”da baş məşqçi Mikel Artetanın məşqçilər qərargahında yer alıb.

Karlos Kuesta İtaliya A Seriyası tarixində ən gənc 2-ci mütəxəssis ünvanına sahib olacaq. Belə ki, avqustun 24-də İtaliya A Seriyasının yeni mövsümü başlayanda, Kuesta 30 yaş 25 günlüyündə olacaq.

İtaliya çempionatının ən gənc məşqçisi ünvanı isə 1939-cu ildə “Triestina”nı çalışdırmış italyan oynayan məşqçi Elio Loskidir – 29 yaş, 9 ay.

Xatırladaq ki, iyunun əvvəlində “Parma” “İnter”in sükanı arxasına keçmiş 44 yaşlı rumın mütəxəssis Kristian Kivu ilə ayrıldığını açıqlamışdı. Sözügedən komanda 2024/2025-ci illər mövsümünü İtaliya A Seriyasının yarış cədvəlində 16-cı pillədə başa vurub.

Seçilən
9
arena.az

1Mənbələr