AZ

Korotçenko sirləri açdı: Rusiyanın HHM sistemlərindən imtina edən İranı nə gözləyir?

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və İran İslam Respublikası ilə İsrail Dövləti arasında açıq silahlı münaqişənin başlanması qlobal geosiyasi sabitsizliyin yeni mərhələsi oldu. Bu qarşıdurmanın nəticələri artıq regionun hüdudlarını aşır və Rusiya da daxil olmaqla əsas dünya güclərinin maraqlarına toxunur.
 
İsrail-İran münaqişəsi humanitar fəlakət, beynəlxalq təhlükəsizlik və strateji qüvvələr balansı baxımından hansı riskləri daşıyır? Moskva bu vəziyyətə necə reaksiya verir və tərəfdaşlarından nə gözləyir?
 
Moderator.az xəbər verir ki, bu və digər sualları Oxu.az-a müsahibəsində Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, hərbi ekspert və politoloq İqor Korotçenko cavablandırıb:
 
 
- İran-İsrail müharibəsi regionda yeni humanitar fəlakətlərə səbəb ola bilər. Rusiya Federasiyası belə bir ssenariyə necə hazırlaşır?
 
- İran-İsrail münaqişəsi və hazırda gözümüzün önündə baş verən döyüşlərin xarakterindən danışası olsaq, əgər İsrail havada qəti üstünlük əldə edərsə, İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin böyük hissəsini məhv etməklə növbəti mərhələdə əhəmiyyətli infrastruktur obyektlərinə zərbələr endirə bilər. Belə zərbələrin məqsədi - cəmiyyətin ölkədəki siyasi rejimə, yəni ali liderə qarşı kütləvi narazılığını stimullaşdırmaqdır.
 
Şübhəsiz, humanitar problemlər qaçılmazdır. Lakin biz hesab edirik ki, İranda fəaliyyətdə olan hakimiyyət təkcə döyüşləri deyil, həm də dövlətin dayanıqlı fəaliyyətini - həyat təminatı, əsas strukturların işi, iqtisadiyyat və sənayenin fəaliyyət qabiliyyətini də planlaşdırır.
 
Əgər İsrail humanitar fəlakət yaratmağa çalışırsa, buna siyasi-diplomatik vasitələrlə, o cümlədən BMT Təhlükəsizlik Şurası vasitəsilə qarşı durmaq vacibdir. Təl-Əviv hakimiyyəti təkcə öz hərbi əməliyyatlarının məqsədlərinə görə deyil, həm də İran İslam Respublikasında qlobal humanitar fəlakətin qarşısının alınmasına görə məsuliyyət hiss etməlidir.
 
- Bu qarşıdurma Rusiya üçün sərfəlidirmi?
 
- İsrail və İran arasında baş verən müharibə Rusiya üçün heç bir aspektdən sərfəli deyil. Birincisi, yaxın zamanda Rusiya ilə İran arasında strateji əməkdaşlığa dair əsas sənədlər imzalanmışdı və cəmi bir neçə ay sonra belə bir münaqişə baş verdi. Halbuki bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur və bu ölkə əvvəllər Rusiya istehsalı HHM sistemləri ilə müdafiəsini gücləndirməyi rədd etmişdi.
 
İranın və ümumilikdə Yaxın Şərqin destabilizasiyası heç kimə, xüsusilə də Rusiyaya sərf etmir. Rusiya İran İslam Respublikası ilə iqtisadi əməkdaşlıq çərçivəsində mühüm layihələr - xüsusilə atom elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq edir.
 
Həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizinin sonuncu hissəsi İran ərazisindən keçir. Bu ölkənin liman və dəmir yolu infrastrukturu həmin dəhlizin logistikasının fəaliyyətində həyati əhəmiyyətə malikdir. Ona görə də Rusiya bu regionda iki ölkə arasında genişmiqyaslı müharibədən heç bir fayda görmür.
 
Bəzi marginal müəlliflər neftin qiymətinin yüksəlməsinin guya Rusiya üçün sərfəli olduğunu iddia edirlər. Amma təkrar edirəm - Suriyanın itirilməsindən sonra İranın da itirilməsi Rusiya üçün qəbuledilməz bir ssenaridir. Moskva üçün bu münaqişənin heç bir müsbət tərəfi yoxdur.
 
- Rusiya Suriyadakı hərbi bazaları vasitəsilə müttəfiqi İranı dəstəkləyə bilərmi?
 
- Qeyd etdiyim kimi, İran əvvəllər HHM sistemlərinin gücləndirilməsi üçün Rusiya ilə məsləhətləşmədən imtina edib. İran regionda müstəqil siyasət yürüdür. Bu siyasətin uğurlu olub-olmaması isə başqa mövzudur.
 
İran suveren dövlətdir və Rusiya ilə onu, əsasən, iqtisadi əməkdaşlıq bağlayır. Rusiyanı İrana hərbi dəstək verməyə məcbur edən heç bir sənəd yoxdur. Tehran rəhbərliyi bu istiqamətdə hər hansı yardım tələbi ilə çıxış da etməyib.
 
Hazırkı Rusiya və İran arasında olan müqavilələr Rusiyanın İrana hərbi dəstəyinin zəruriliyini nəzərdə tutmur. Yeri gəlmişkən, qeyd etməliyəm ki, Rusiya İsrailə də döyüşlərdə heç bir şəkildə kömək etmir - bu, prinsipial məsələdir.
 
Rusiya bütün platformalarda bəyan edib ki, İsrailin həyata keçirdiyi güc ssenarisi beynəlxalq hüquqa ziddir və bu, İrana qarşı hərbi təcavüzdür. Buna görə də siyasi baxımdan Rusiya mövqeyini açıq şəkildə ifadə edib. Hərbi aspektlərə gəldikdə isə təkrar edirəm - Rusiya İrana hərbi dəstək verməyə borclu deyil. İran özü öz dəyərlərini müdafiə etməli və bu müharibədə özü mübarizə aparmalıdır.
 
- Bu müharibə böyük dövlətlərin yeni dünya strategiyasına nə kimi təsir göstərəcək?
 
- Artıq dediyimiz kimi, beynəlxalq hüquq nəzərdə tutulduğu kimi mövcud deyil. Artıq güclünün hüququ işləyir. Bu tendensiya Qərbin Liviyaya, Yuqoslaviyaya və İraqa qarşı hərbi təcavüzündən başlayıb.
 
Qərb ölkələri istənilən vaxt hərbi təcavüzə başlamaq üçün bəhanə tapa bilirlər - istər sınaq şüşəsindəki ağ toz olsun, istərsə də İranın nüvə proqramı. Hazırda dünya köklü şəkildə dəyişir. Əvvəlki beynəlxalq düzən dağılır və yeni düzən formalaşır - burada iqtisadiyyatla yanaşı, hərbi güc də əsas amilə çevrilir.
 
İsrailin İrana qarşı müharibəsi dünyanı çox ciddi şəkildə dəyişəcək. Bu müharibənin son fazasının necə bitəcəyini hələ dəqiq proqnozlaşdırmaq çətindir: İran dayanacaqmı, hərbi güc ilə darmadağın ediləcəkmi, müharibə uzanacaqmı?
 
Amma məlumdur ki, İsrail bu hərbi əməliyyata özünə ən uyğun geosiyasi və hərbi şəraitdə başladı. Suriya artıq hərbi baxımdan sıradan çıxarılıb, İranın Yaxın Şərqdəki proksiləri isə dağıdılıb. Hazırda İran faktiki olaraq yalnız öz ərazisindəki hərbi resurslara güvənə bilər. Bu isə əsasən, ballistik raketlərdir. Lakin bu raketlərin nə qədər effektiv tətbiq edildiyi və İsrailin HHM sistemlərinin onları nə qədər dəqiq vurduğu açıq sualdır.
 
Fikrimcə, qarşıdakı 10-14 gün bizə bu müharibənin hansı istiqamətdə inkişaf edəcəyinə dair daha aydın təsəvvür yaradacaq. Amma aydındır ki, dünya geriyə dönüşü olmadan dəyişir. Buna görə də hər bir suveren dövlət güclü iqtisadiyyata, müstəqil xarici və daxili siyasətə, həmçinin müvafiq hərbi potensiala malik olmalıdır ki, bu yeni dünyada özünü etibarlı hiss etsin.
 
- Əgər İsrail İrana qarşı nüvə silahı tətbiq etsə, Rusiya nə edəcək?
 
- Əgər İran məğlub olsa və İsrailin tərəfində Böyük Britaniya, Fransa, ABŞ kimi ölkələr də faktiki olaraq döyüşlərə qoşulsalar (bu artıq pərdəarxasında kəşfiyyat məlumatları və maddi-texniki dəstək baxımından baş verir), bu, Qərbi daha da aqressiv edəcək.
 
Cənubi Qafqaz regionu baxımından, biz anlayırıq ki, burada da Avropa İttifaqı və xüsusilə Fransa öz vəhşi niyyətlərini nümayiş etdirəcəklər, Ermənistanı dəstəkləməklə və Bakı ilə İrəvan arasında ədalətli sülhün əldə olunmasına imkan verməməklə yeni müharibəni qızışdıracaqlar.
 
Yaxın Şərqdə baş verən hadisələr gec-tez Cənubi Qafqaza da təsir edəcək.
 
Hazırda İsrailin İrana qarşı nüvə silahı tətbiq etməsi ssenarisi real görünmür. Buna ehtiyac da yoxdur, çünki İsrailin hava qüvvələri artıq İranın hava məkanının əhəmiyyətli hissəsini nəzarətə götürüb.
 
İranın yeganə cavabı ballistik raketlərlə İsrail ərazisindəki hədəflərə zərbə vurmaq ola bilər. Son hədd olaraq isə Hörmüz boğazını bağlamağa cəhd göstərə bilər. Lakin bu halda Tehran dünyanın aparıcı ölkələrinin qəzəbinə səbəb olacaq və ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələri İranın məhv edilməsi istiqamətində İsrailin yanında hərbi koalisiyaya qoşulmağa vadar edəcək. Fikrimcə, Tehran bu riskləri anlayır və boğazı bağlamayacaq.
 
Ümumilikdə bir daha qeyd edirəm: İsrailin nüvə silahından istifadə etməsinə dair heç bir əsas yoxdur. Onun ənənəvi silah potensialı belə, qarşısına qoyduğu siyasi məqsədləri hərbi yolla həll etmək üçün kifayət qədər effektlidir.
Seçilən
0
1
moderator.az

2Mənbələr