Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 20-də davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında 2007-2020-ci illərdə vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma qurumun “rəhbəri” olmuş Bako Sahakyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs bildirib ki, 2007-ci ildə qondarma rejimin “müdafiə naziri” Seyran Ohanyan olub. O, daha sonra Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi təyin edilib.
Onu qondarma rejimdə general Movses Akopyan əvəzləyib. Daha sonra M.Akopyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə təyin edilib. Bu dəfə qondarma rejimdə “müdafiə naziri vəzifəsi”ni Levon Mnatsakanyan tutub. Ondan sonrakı ardıcıllıq belə olub: Karen Abrahamyan, Cəlal Harutyunyan və Mikael Arzumanyan.
Təqsirləndirilən şəxs deyib ki, qondarma rejimdə “müdafiə naziri” və “ordunun komandanı” “vəzifələri” eyni olub və onu bir şəxs tutub.
B.Sahakyan bildirib ki, qondarma qurumun “rəhbərliyinin” “silahlı qüvvələr” üzərində səlahiyyəti olmayıb.
O, qondarma rejimin “rəhbəri” olduğu dövrdə Ermənistan müdafiə nazirlərinin, silahlı qüvvələrin baş qərargah rəislərinin Azərbaycanın vaxtilə işğalda olan suveren ərazilərinə səfərlər etdiklərini və onunla görüşdüklərini bildirib.
Təqsirləndirilən şəxs bir qədər sonra Ermənistanın baş naziri Ovik Abraamyanla, ardınca digər vəzifəli şəxslərlə danışdığını deyib və əlavə edib: “Daha sonra müxtəlif nazirlərdən və səlahiyyətli şəxslərdən məlumatları almışdım. Müəyyənləşdirmişdik ki, bizim üçün hansı ilkin zərurət malları lazımdır. Bir qayda olaraq onlar mənim xahişlərimi təmin edirdilər”.
B.Sahakyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovla da danışdığını söyləyib.
Təqsirləndirilən şəxs Aprel döyüşlərinin nəticələri ilə bağlı Ermənistanın və qondarma rejimin birgə müzakirələr apardığını deyib.
Məhkəmədə tədqiq olunan növbəti sənəd mediada paylaşılmış məlumatla bağlı olub. Həmin məlumatda bildirilir ki, Bako Sahakyan Aprel döyüşləri ilə bağlı Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.
Dövlət ittihamını müdafiə edən prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs məlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda istintaq komissiyası yaradılıb.
Komissiyanın sədri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan olub: “Bu komissiyanın iclasında müxtəlif suallara hərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənə təklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştiraka məcbur edə bilməzdilər”.
Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəli şəkildə cavablandırdığını bildirib.
B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.
Məhkəmədə tədqiq edilən növbəti sənəd B.Sahakyanın 2019-cu ilin dekabr ayında Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə həmin vaxt Azərbaycanın işğalda olan ərazilərində qoşunlara baş çəkməsi, hərbçilərlə görüşü, onların məişət şəraiti ilə tanış olması barədə olub.
Təqsirləndirilən şəxs prokurorun sualına cavabında N.Paşinyanın Azərbaycanın həmin vaxt işğalda olan ərazilərində hərbçilərlə görüşünü Ermənistan baş nazirinin Ermənistan silahlı qüvvələrinin əsas şəxsi olması ilə izah edib və deyib: “Bu cür səfərlərin böyük əksəriyyətində silahlı birləşmələrə də səfərlər olurdu”.
B.Sahakyan ifadəsində Azərbaycana qarşı döyüşənlər arasında xarici vətəndaşların olduğunu təsdiqləsə də, onların muzdlu olmadığını iddia edib. O əlavə edib ki, həmin şəxslər Azərbaycanın həmin vaxt işğalda olan ərazilərinə Ermənistan vasitəsilə gəliblər. Həmin şəxslərin hansı ölkə vətəndaşları olması barədə suala isə B.Sahakyan belə cavab verib:
“Onların ölkələrinin coğrafiyası geniş idi, Yaxın Şərqdən Kanadaya qədər”.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bizim.Media