AZ

Şimal-Cənub dəhlizi təhlükədə - Azərbaycanın seçimi

Hərbi əməliyyatlar bu beynəlxalq logistikanı təhlükə altında qoyub; ölkəmizə dəyəcək zərər nədən ibarət ola bilər?

“Hərbi əməliyyatlar kontekstində Rusiya, Azərbaycan, İran, Hindistan və digər ölkələri birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi təhlükə altındadır”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tanınmış ekspert Vitali Arkov deyib.

“Birincisi, belə çətin dövrdə az adam yük göndərməyə razı olacaq, çünki sığortaçılar belə riskləri sığortalamaqdan imtina edəcək. İkincisi, dəniz terminalları və dəmir yolu əlaqələri təsirlənə bilər. Aydındır ki, onlardan hərbi məqsədlər üçün də istifadə oluna bilər və buna görə də İranın rəqibləri üçün hədəfə çevrilir”, - o bildirib.

Arkovun sözlərinə görə, bu, Şimal-Cənub layihəsinin əsas iştirakçıları - Hindistan, Azərbaycan, Rusiya üçün ciddi problemdir: “Ən azından yüklərin hərəkəti bir müddət dondurulacaq. Amma bunun nə qədər davam edəcəyi bəlli deyil. Heç kimə sirr deyil ki, bu layihənin ciddi rəqibləri var və o rəqiblər yüklərin çatdırılmasının sürəti və dəyəri baxımından Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin cəlbediciliyi fonunda artıq ciddi itkilər verməkdədir. Ona görə də onun oyundan çıxarılmasında maraqlıdır və münaqişənin qızışmasına töhfə verəcəklər”.

Hansı güclər Şimal-Cənub layihəsinin sıradan çıxmasında maraqlıdır? Azərbaycana dəyəcək zərər konkret nədən ibarət ola bilər və seçim qarşısında qala bilərikmi? Nəhayət, Şimal-Cənub dəhlizinə ən çox hansı dövlətin ehtiyacı var? - Rusiyanın, İranın, yoxsa...

Milli

Azər Badamov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Şimal-Cənub nəqliyyat dəhlizi artıq özünü təsdiq etmiş yeni bir nəqliyyat arteriyasıdır: “Bu dəhliz Hindistandan Rusiya və Baltikyanı ölkələrə qədər böyük bir regionları bir-birinə birləşdirən nəqliyyat kommunikasiyasıdır. Son illər bu dəhliz vasitəsilə daşımalarda böyük artımların qeyd olunması bu dəhlizə marağın artmasının göstəricisidir. Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissələrindən biri olan Astara-Rəşt dəmir yolunun çəkilməsi istiqamətində razılıqlar əldə olunub. İran ərazisindən keçən dəmir yolunun bu hissəsi də başa çatdırılandan sonra Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşımaların həcminin 15 milyon tona çatdırılması hədəflənib. Amma 8 gün əvvəl başlanmış İsrail-İran müharibəsi İran ərazisindən keçən digər nəqliyyat kommunikasiyalarda olduğu kimi Şimal-Cənub nəqliyyat dəhlizində də çətinliklər yaradıb. Təbii ki, bu müharibənin baş verməsi ilə bağlı müvəqqəti bir hal olduğunu hesab edirəm. Müharibə həmişəlik davam edə bilməz. Bu baxımdan, Şimal-Cənub nəqliyyat dəhlizinin sıradan çıxması ilə bağlı fikirləri məntiqsiz hesab edirəm”.

Deputat qeyd etdi ki, düzdür, bu gün davam edən müharibə üzündən İranın dəniz limanlarında yüklər qalmaqdadır: “O cümlədən müharibə getdiyinə görə yeni yüklərin göndərilməsinin sığortalanmasında da çətinliklər yarana bilər. Amma bunun müvəqqəti xarakter daşıyan bir hal olduğunu hesab edirəm və İran ərazisində hərbi əməliyyatlar başa çatan kimi yenə də əvvəlki kimi Şimal-Cənub nəqliyyat dəhlizində daşımaların bərpa olunacağını hesab edirəm. Çünki bu dəhliz digər ənənəvi marşrutlardan həm zaman, həm də iqtisadi baxımdan daha rentabelli və əlverişlidir”.

İqtisadçı

Günay Hüseynova

İqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, hazırda geosiyasi, iqtisadi və ölkəmizin beynəlxalq nüfuzu baxımdan minimum zərərlə ötüşmək prioritet məsələdir: “Şimal-Cənub nəqliyyat dəhlizi bizim üçün təkcə daşıma, tranzit yolu yox, eyni zamanda, əlimizdə olan iqtisadi manevrdir. Mövcud iqtisadi maraqların qorunması iqtisadi baxımdan davamlı aktiv gəlirlər deməkdir. Bununla yanaşı regionda diversifikasiya olarsa investisiyalarda dəyərsizləşmə də gözlənilir.

Şimal-Cənub nəqliyyat dəhlizini iqtisadi modeldə təhlil etsək, əslində bir çox iqtisadi cavabları almaq mümkündür. İlk növbədə bu dəhliz bizim Ümumdaxili məhsulda nə qədər paya sahibdir və ya dövlət büdcəsinin neçə faizi bu sahədən gələn gəlirlər hesabınadır. Daşınan yükün 1 tonu Azərbaycan iqtisadiyyatında ÜDM hansı hissəsini təşkil edir?

MLR -Multiple Linear Reggression sistemi, Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə əsasən analiz etsək hər il yük dövriyyəsində 10 %-ə yaxın artım var. ÜDM də artım təqribi 6,2 % təşkil edib. Reqressiya Koffisientlərinə əsasən ŞCNND ilə hər əlavə yükün daşınması Ümumdaxili Məhsulun həcmində 0,47% artım deməkdir. Bundan əlavə, tranzit gəlirləri hər 1 milyard dollar üçün təqribi Ümumdaxili məhsulda 2,9% artım deməkdir. İllik daşınan yüklərin həcmini, yatırılan vəsait, tranzit xərclərinin artmasını nəzərə alsaq bu 2025-ci il üzrə ÜDM həcmində 1,7% ə qədər artım deməkdir.

Siyasi prosedurlardan dolayı iqtisadi baxımdan risk durumundadır və bu da investisiyaların azalması, tranzit daşımaların həcmində azalma deməkdir. Tranzit daşınmalarından əldə edilən gəlir vergilərlə birlikdə 350 milyon dollardan artıqdır. Beynəlxalq nüfuzun qorunub saxlanması, iqtisadi maraqlar baxımdan diversifikasiya, risklərə qarşı tədbir görülməsi daha uyğun görünür. Əslində, diversifikasiya və Qərbə yaxınlaşma investisiyaların dəyərsizləşməsi ilə nəticələnə bilər. Lakin hazırkı iqtisadi durum üçün alternativ vasitələr səmərəli və dayanıqlı görünmür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
5
8
musavat.com

10Mənbələr