Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Efiopiyada səfərdə olub.
Qurumdan verilən məlumata görə, səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzininin rəsmi təqdimatı baş tutub.
Azərbaycan nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin dövlət naziri müşayiət ediblər. Eyni zamanda rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov da iştirak edib.
Bildirilib ki, Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.
Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib.
Qeyd edəki ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.