ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Sahibə Qafarova bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələrimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər.
İki ölkənin parlamentlərarası münasibətlərindən danışan S.Qafarova deyib ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.
Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan parlamentinin sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb, ölkələrimiz arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətindən danışıb.
XQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.