AZ

Paşinyanın Türkiyə səfəri: Sülh müqaviləsinə aparan yol, yoxsa seçkiyə hazırlıq gedişi?

Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 20-də baş tutan Türkiyə səfəri, Ermənistan-Türkiyə münasibətləri çərçivəsində son onilliklərin ən diqqətçəkən hadisələrindən biri kimi tarixə düşə bilər.

Paşinyanın həm siyasi, həm də simvolik jestlərlə zəngin olan bu səfəri, sadəcə bir protokol ziyarəti deyildi - o, regional güc balansı, diplomatik prioritetlər və daxili siyasi strateji hesablama baxımından çoxcəhətli bir addım idi.

Baş nazirin Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci tərəfindən qarşılanması və İstanbulda erməni icması ilə görüşlər, Paşinyanın bu səfərə təkcə dövlətlərarası münasibətlərin normallaşdırılması yox, həm də erməni diasporu ilə psixoloji barış və dəstək axtarışı kimi baxdığını göstərir. Onun həm Göy məscidi, həm də Məryəm Ana kilsəsini ziyarət etməsi isə Türkiyə ictimai rəyində pozitiv rezonans yaratmaq, dini və mədəni tolerantlıq mesajı vermək cəhdi kimi oxunmalıdır.

Lakin səfərin əsas hədəfi, şübhəsiz, Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş idi. Hər nə qədər tərəflər mətbuata birgə bəyanat verməsələr də, etibarlı mənbələrin yaydığı məlumatlara əsasən, müzakirələrin mərkəzində Ermənistan-Azərbaycan sülh prosesi və Zəngəzur dəhlizi məsələsi dayanıb. Ermənistan mətbuatında səsləndirilən fikirlərə görə, Paşinyan öz siyasi komandası ilə qapalı müzakirələrdə 2026-cı il seçkilərinə qədər Azərbaycanla sülh sazişinin imzalanmasını “hakimiyyətin qorunması üçün strateji zərurət” kimi dəyərləndirib. Bu, səfərin həm regional sülh baxımından, həm də Paşinyanın daxili legitimlik mübarizəsində nə qədər həlledici olduğunu göstərir.

Əldə olunan siqnallar onu deməyə əsas verir ki, Paşinyan artıq beynəlxalq vasitəçilərə deyil, regional güc mərkəzlərinə - xüsusilə Türkiyəyə - yönəlmək xəttini seçib. Çünki Rusiya-Ukrayna və İran-İsrail münaqişələrinin yaratdığı qeyri-müəyyənlik fonunda ABŞ və Aİ-nin aktivliyi azalıb, Rusiya isə həm mövqeyini, həm də etibarlılığını itirib. Bu səbəbdən Ermənistan üçün Türkiyə ilə əlaqələr yalnız sərhədlərin açılması və ticarət məsələsi deyil, həm də regional balansda tək qalmamaq üçün alternativ dəhliz ola bilər.

Paşinyanın Ərdoğanı 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət etməsi isə gələcəyə yönəlik bir diplomatik hədəfin - Ermənistanın Qərb və region arasında körpü rolunu oynamaq istəyinin təzahürüdür. Bu təkliflə Paşinyan eyni zamanda daxili auditoriyaya göstərmək istəyir ki, o, Ermənistanı beynəlxalq siyasi platformalarda fərqli mövqeyə gətirəcək güclə işləyir.

Səfərin qeyri-rəsmi mesajlarından biri də budur ki, Ermənistan Türkiyə ilə normallaşma prosesini artıq Azərbaycan amilindən ayrı şəkildə deyil, məhz Bakı ilə paralel şəkildə aparmaq niyyətindədir. Bu, həm Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə görüşündən bir gün sonra Nikol Paşinyanı qəbul etməsi, həm də Ankara diplomatiyasının son zamanlar üçtərəfli görüşlərə zəmin yaratmaq istəyi ilə üst-üstə düşür.

Görünən budur ki, Paşinyan bu səfər vasitəsilə həm Türkiyəyə, həm də Azərbaycan və Qərb dairələrinə bir mesaj verir: Ermənistan sülhə hazırdır və bu istiqamətdə atılan addımlar daxili sabitliyi və xarici təhlükəsizliyi təmin etməyə yönəlib. İndi isə əsas məsələ Paşinyanın bu niyyətini konkret addımlara çevirib-çevirməyəcəyidir.

Türkiyə və Azərbaycan bu prosesdə əsas oyunçulardır və qərarı İrəvanın ardıcıl siyasi davranışı müəyyən edəcək.

Züriyə Qarayeva

Seçilən
9
1
bakivaxti.az

2Mənbələr