AZ

“İranın dövlət idarəçiliyindəki sistemli böhran onun gələcəyi üçün hər cür ssenarini  mümkün edir...” 

“Bir yandan dünyəvi dövlət qurumları var və bunlarla paralel olaraq sanki həmin qurumların ali dini liderə birbaşa tabe olan kopiyaları mövcuddur. Məsələn, bir yandan Müdafiə Nazirliyi var, digər yandan “SEPAH”...”
 
“İran hakimiyyəti daxilində sistemli böhranın olması hələ müharibədən öncə hiss olunurdu. İnsanların kütləvi etirazları baş verirdi ki, bunların kökündə həm sosial, həm də milli problemlər dayanırdı. Bilirik ki, İran çoxmillətli bir ölkədir və İslam dinində millət məfhumu o qədər də qabardılmır, milliyyətindən asılı olmayaraq bütün müsəlmanlar bir ümmət hesab olunur. Amma son onilliklərdə İrandakı proseslərdə milli problemlər özünü ciddi şəkildə göstərməyə başlayıb. Urmiya ərazisində azərbaycanlılarla kürdlər arasındakı, yaxud ölkənin cənubunda şiələr və sünnilər arasındakı gərginlik də buna bir misaldır. Hətta İranın cənubunda silahlı müxalifət də peyda olub. Əhvazdakı terror aktı, yaxud İran parlamentindəki terror aktı və s. bu gərginliklərin nəticələrinə misaldır”. 
 
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov bu fikirləri Moderator.az əməkdaşının “Sizcə, İrandakı teokratik molla rejiminin və bütövlükdə bu ölkənin bundan sonrakı taleyi ilə bağlı hansı ssenarilər baş tuta bilər?” sualını cavablandırarkən ifadə edib.
 
“İrandakı belə durum SSRİ-nin son illərində də millətlərarası, etnik münaqişələr, separatizmin baş qaldırmasını xatırladır. Bütün bunlarla yanaşı, İranın dövlət quruluşu da çox mürəkkəbdir. Bir yandan dünyəvi dövlət qurumları var və bunlarla paralel olaraq sanki həmin qurumların ali dini liderə birbaşa tabe olan kopiyaları mövcuddur. Məsələn, bir yandan Müdafiə Nazirliyi var, digər yandan “SEPAH”... Onu da bilirik ki, İranın dövlət büdcəsinin böyük bir hissəsi neft satışından qaynaqlanır və neft satışı isə tam şəkildə “SEPAH”-ın inhisarındadır. Hətta öncə dediyimiz kimi, Qərbin sanksiyalarına rəğmən “SEPAH” müxtəlif qaçaqmalçı yollarla nefti satdırıb milyardlar qazanırdı. Bütün bunlar da İran rəhbərliyindəki müxtəlif qruplar arasında kəskin ziddiyyətlər yaratmağa başlayırdı.  Bu da uzun müddətdir ki, dövlətin idarəçiliyində sistemli böhrana səbəb olub. Belə bir durumda isə əgər həm bütöv dövlət strukturunda, həm də xalqa münasibətlə bağlı, milli münasibətlərlə bağlı ciddi islahatlar aparılmasa, İranın gələcəyi üçün hər cür ssenari gözləmək mümkündür”,
 
Sultan Laçın
 
Seçilən
3
moderator.az

1Mənbələr