AZ

Savaşın miqyası böyüyür – İsrail və İran qarşıdurması nə ilə nəticələnəcək?

Artıq doqquz gündür ki, İsrail və İran arasında gərgin qarşıdurma davam edir. Tərəflərin qarşıdurması təkcə regionda deyil, bütün dünyada narahatlıq doğurur. ABŞ isə bu proseslərdə qərarsız mövqedə qalır – Prezident Donald Tramp hələ də İranı birbaşa hədəf almaqla bağlı yekun qərar verməyib. Bəs bu qarşılıqlı zərbələr hansı məqamda dayanacaq? Hər iki tərəf bu tempdə nə qədər davam gətirə bilər?
Moderator.az-a danışan  Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, Trampın yekun qərar verməkdə tərəddüd etməsi, əslində, Yaxın Şərqdə balansın qorunmasına yönəlmiş bir siqnaldır.
 Onun sözlərinə görə, ABŞ-ın İranı birbaşa vurması regional və qlobal miqyasda fəsadlar doğura bilər:
“Belə bir addım enerji bazarını silkələyəcək və dünya iqtisadiyyatında zəncirvari reaksiyalar yarada bilər. İranın hücumlarını neft anbarlarını boşaltmaqla intensivləşdirməsi isə strateji səbir və planlı cavab mexanizminin göstəricisidir. 
İsrailin müdafiə sistemi yüksək texnologiyaya əsaslanır, lakin bunun maliyyə yükü çox ağırdır. Bir raketin qarşısını almağın dörd milyon dollara başa gəlməsi münaqişənin uzunmüddətli davamı üçün ciddi iqtisadi çətinliklər yarada bilər. ABŞ bu reallığı nəzərə alaraq həm diplomatik, həm də hərbi balans yaratmağa çalışır. Tramp administrasiyası istər daxildəki siyasi dinamikalar, istərsə də beynəlxalq öhdəliklər səbəbindən sürətli qərar verməkdə ehtiyatlı davranır”.
 
T.İsmayılov qeyd edib ki, İran isə hazırda öz imkanlarını tükəndirmədən təzyiq vasitələrini balanslı şəkildə tətbiq edir:
“Bu, təkcə hərbi deyil, informasiya və psixoloji müstəvidə də özünü göstərir. Tərəflər arasındakı gərginlik daha çox sinir müharibəsinə çevrilməkdədir. Hər iki tərəf bir-birini sınağa çəkir, amma bu sınaq hərbi baxımdan deyil, strateji dözümlülük üzərindən baş verir.
Münaqişənin bu templə davam etməsi tərəflərin iqtisadi və ictimai sabitliyinə birbaşa təsir göstərir. Qlobal güclər də bu vəziyyəti maraqla izləyir və prosesi aktiv müşahidə edirlər. Sonda tərəflərdən biri yox, prosesin özü bu gərginliyin hansı səmtə yönələcəyini müəyyənləşdirəcək. Hazırkı mərhələdə səbir, təmkin və riyazi dəqiqliklə qurulmuş diplomatiya əsas amilə çevrilməlidir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
2
moderator.az

1Mənbələr