13 iyun tarixində başlayan İran-İsrail savaşı regionda yalnız siyasəti deyil, turizm sektorunu da sarsıdıb. Münaqişə səbəbilə təhlükəsizlik axtarışında olan Rusiya və MDB ölkələrinin turistləri üzünü Türkiyəyə çevirib.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Sektor nümayəndələrinin məlumatına görə, Antalya istiqamətində turların satışında təxminən 15 faiz artım qeydə alınıb.
Bu artımda Yaxın Şərqin hava məkanındakı böyük böhran mühüm rol oynayıb. Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi turizmdə önə çıxan ölkələrə hava səyahətləri marşrutların dəyişməsi səbəbindən çətinləşib.
Qeyd edək ki, iyunun ilk həftəsində Rusiya turistlərinin Antalyaya olan tələbatında qismən azalma müşahidə edilmişdi. Lakin bölgədəki qeyri-müəyyənlik Rusiya və MDB ölkələrindən olan tur operatorlarını yenidən təhlükəsiz yer olan Türkiyəyə yönəldib.