AZ

Sabir Rüstəmxanlı: “İstefa məsələsi gündəmdə deyil, buna heç ehtiyac da yoxdur”

Son zamanlar Azərbaycanda bəzi partiya sədrlərinin -  Tahir Kərimlinin “Vəhdət” sədrliyindən, Pənah Hüseynin “Xalq” liderliyindən istefa verməsi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının da bu barədə düşündüyünü deməsi siyasi kluarlarda müzakirə mövzusudur.

Digər siyasi təşkilatlarda da bu cür dəyişikliklərin baş verə biləcəyi ehtimallarını gündəmə gəlib. Bu kontekstdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mövqeyini öyrənmək üçün partiyanın sədri Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq.

O, rəhbərlik etdiyi təşkilatdakı son vəziyyət və gələcək planlarla bağlı Bakıvaxtı.az saytına danışıb.

- Sabir bəy, ölkədə siyasi partiyalarda sədrlərin istefası ilə bağlı proseslər müşahidə olunur. Bu kontekstdə Vətəndaş Həmrəyliyi Partiyasında da dəyişiklik gözlənilirmi?

- Bizdə hər şey planlı şəkildə gedir. Yaxın günlərdə VHP-nin Ali Məclisinin iclası keçiriləcək. Bu, partiya nizamnaməsinə uyğun olaraq mütəmadi baş tutan tədbirdir və burada əsasən partiyanın fəaliyyət istiqamətləri, təşkilati məsələlər, həmçinin ölkənin ictimai-siyasi gündəmi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Amma onu aydın şəkildə deməliyəm ki, sədr vəzifəsi ilə bağlı heç bir müzakirə yoxdur. Mən partiyanın sədri kimi fəaliyyətimi davam etdirirəm, işimin başındayam və partiyanın inkişafı istiqamətində fəaliyyət göstərirəm.

- Gənclərin siyasətə cəlb olunması bu gün ölkədə xüsusi önəm daşıyır. VHP bu sahədə hansı addımları atır?

- Gənclərlə bağlı siyasətimiz uzun illərdir ki, ardıcıl şəkildə aparılır. Biz partiyada daim yeni nəsil kadrların yetişməsinə diqqət yetirmişik və bu siyasət bu gün də davam edir.

VHP-də istedadlı, savadlı və vətənpərvər gənclər var. Onların içərisində gələcəkdə partiyanın rəhbər strukturlarında təmsil olunacaq, cəmiyyətə təsir göstərə biləcək kifayət qədər potensiallı şəxslər yetişir. Mən onlara inanır və dəstək verirəm. Gənclərin önə çıxması üçün həm partiya daxilində, həm də ictimai platformalarda onlara imkanlar yaradılır.

- İstefa ehtimalları və ya rəhbərlikdə dəyişikliklə bağlı səslənən fikirlərə münasibətiniz necədir?

- Mən bu cür ehtimalları əsassız hesab edirəm. Hər bir təşkilatın daxili prosedurları və qərarverici mexanizmləri var. Bizdə hər şey şəffaf və nizamlı şəkildə həyata keçirilir. Mən partiyanın təsisçilərindən biriyəm və bu günə qədər olduğu kimi, bu gündən sonra da vəzifəmi məsuliyyətlə yerinə yetirməyə davam edəcəyəm.

Əsas vəzifəmiz cəmiyyətə faydalı olmaq, vətəndaş həmrəyliyini qorumaq və siyasi mübarizəni sağlam şəkildə aparmaqdır. İstefa məsələsi gündəmdə deyil və buna ehtiyac da yoxdur.

Əli Hüseynov

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr