Böyük şirkətlərin, o cümlədən Apple, PayPal və Netflix-in rəsmi saytları yeni fırıldaqçılıq hücumlarına məruz qalıb. Bu hücumlar zamanı cinayətkarlar saytlarda saxta telefon nömrələri yerləşdirir. Bu metod, istifadəçi doğru URL daxil etsə belə, brauzerlərin standart qorunma mexanizmlərini aşmağa imkan verir.
Redaktor.az bu barədə "ArsTechnic"ə istinadən xəbər verir.
Sxemin mahiyyəti belədir: fırıldaqçılar Google-da reklam elanları alır və URL-nin görünməz parametrlərindən istifadə edərək səhifəyə saxta telefon nömrələri əlavə edirlər. Dəyişikliklər istifadəçinin cihazında baş verdiyi üçün, əksər brauzerlər və saytlar bu dəyişiklikləri aşkar edə bilmir.
Hətta Malwarebytes kimi kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkətin saytına da hücum olub. Şirkət artıq zərərli parametrləri filtrləməyə başlayıb və istifadəçiləri təhlükəli bağlantılar barədə məlumatlandırır.
Fırıldaqçılar saxta nömrələri şəxsi məlumatları əldə etmək və maliyyə hesablarına girmək məqsədilə istifadə edirlər. Mütəxəssislər, Google reklam bağlantılarına klikləməkdən çəkinməyi tövsiyə edirlər.
Xədicə BAXIŞLI