A. Əmiraslanov qeyd edib ki, oyun biznesi sadəcə "premium" və "elit" turizmin əlavə bir komponentidir: "Bu sahənin gələcəkdə müəyyən dolayı iqtisadi təsirləri ola bilər, lakin o nə sahibkarlıq fəaliyyətinin, nə də qeyri-neft sektorunun əsasını təşkil edir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkənin iqtisadi inkişaf perspektivlərini bu sahə ilə bağlayır".
Deputat əlavə edib ki, oyun biznesi Azərbaycanda lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq fəaliyyətindən yalnız biridir:
"2024-cü ilin nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Onlardan 76 mini hüquqi şəxs statusundadır. Ölkəmizdə rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sənayeləşmə, aqrar sahənin inkişafı, ixrac və tranzit potensialının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetləridir".
A. Əmiraslanov vurğulayıb ki, bu məqsədlə ölkədə sənaye parkları, texnoparklar və aqroparklar yaradılır: "Azərbaycanın iqtisadi strategiyası, sənaye və sahibkarlıq siyasəti, sosial inkişaf və məşğulluq konsepsiyası aydındır və bu istiqamətdə ardıcıl addımlar atılır".