AZ

Türkiyə-Ermənistan sərhədləri açıla bilər -ŞƏRH

"Nikol Paşinyanın İstanbul səfəri son 30 ildə Ermənistan liderinin Türkiyəyə ilk işgüzar səfəri idi. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Cənubi Qafqaz regionu yeni dünya siyasi nizamının əsas strateji planındadır:

"Ermənistanda parlament seçkiləri yaxınlaşır. Paşinyan hökumətinə həm daxildən, həm də xaricdən - Rusiyadan təzyiqlər var. Göründüyü kimi Ermənistan baş naziri seçkilərdə əlini gücləndirmək üçün çalışır ki, Azərbaycanla sülh bağlansın və Türkiyə ilə normallaşma prosesinə gedilsin, sərhədlər açılsın. Bu, imkan verəcək ki, 2026-cı il seçkilərinədək Paşinyan öz reytinqini artırsın və müxalifət üzərində qələbə qazansın”.

Politoloq deyir ki, Paşinyanın arxalandığı Qərbin başı Rusiya-Ukrayna müharibəsinə, İran-İsrail savaşına qarışıb:

“Paşinyanın çıxış yolu qalmayıb. Rusiya da bu vəziyyətdən istifadə edərək Paşinyan hökumətinə qarşı təzyiqləri artırır və ölkə müxalifətini ciddi şəkildə dəstəkləyir. Ermənistanın daxili siyasətində vəziyyət böhranlıdır”.

Müsahibimiz hesab edir ki, Ermənistan Baş nazirinin çıxış yolu Türkiyə ilə münasibətləri normallaşdırmaq və Azərbaycanla sülh müqaviləsi bağlamaqdır. Məhz buna görə Türkiyəyə səfər edir, Rəcəb Tayyib Ərdoğanla görüşür:

“Bu, həm də onu göstərir ki, Paşinyan Ərdoğanın liderliyini qəbul edir, onun məsləhətlərini dinləmək istəyir. Düşünürəm ki, bu səfərin reallaşmasına Azərbaycan da müsbət yanaşıb. Türkiyə tərəfi bu məsələdə Azərbaycanla koordinasiyalı çalışır. Məncə, müəyyən prinsipial razılaşma əldə olunub".

Analitik qeyd edib ki, Azərbaycan və Türkiyənin Ermənistandan konkret istəkləri var:

"Konstitusiya dəyişikliyi və Minsk qrupunun buraxılması məsələsi mütləq həllini tapmalıdır. Düşünürəm ki, Zəngəzur dəhlizi açılmalıdır. Türkiyənin tələbi isə Ermənistanın ərazi iddiasına son qoyulması və qondarma "soyqırım" uydurmasından vaz keçilməsidir. Hesab edirəm ki, artıq bu məsələlərdə razılıq əldə olunub. Yaxın perspektivdə Türkiyə-Ermənistan sərhədləri açıla bilər".

Aydın Baxış

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr