AZ

MEK-də professor Əsədulla Cəfərovun şəxsi kitab kolleksiyası yaradılıb

MEK-in ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) arxeoloq, AMEA Tarix və Etnologiya İnstitutunun "Daş dövrü arxeologiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun şəxsi kitab kolleksiyası yaradılıb.

Kolleksiya alimin MEK-ə təqdim etdiyi nəşrlər əsasında formalaşdırılıb və Azərbaycan dilində ədəbiyyat fonduna daxil edilib.

Ümumilikdə 401 nəşrdən ibarət olan bu kolleksiyaya müxtəlif illəri əhatə edən 74 sayda “İrs-Наследие-Heritage” jurnalı, eləcə də “Qobustan dünyası”, “Tarix və onun problemləri”, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər məcmuəsi”, “Yurd”, “Göy qurşağı”, “Azərbaycan arxeologiyası”, “Yer və insan”, “Kəlam” kimi elmi, ədəbi, ictimai və publisistik jurnallar daxildir.

Kolleksiya, eyni zamanda, Azərbaycanın arxeoloji və etnoqrafik irsinə dair bir sıra mühüm nəşrləri də əhatə edir. Bunlar arasında “Naxçıvanın ilk tunc dövrü keramikası”, “Azərbaycanda 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları”, “Etnoloji lövhələr” (I cild), “Azərbaycanın orta əsr şəhərlərinin su təchizatı: IX–XV əsrlər (tarixi-arxeoloji tədqiqat)”, “Eneolit – orta əsrlərdə Şimali Azərbaycanda Fayans qabları mədəniyyəti”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri” (I hissə), “Qarabağ: Etnomənəvi inkişaf tarixi (ən qədim dövrdən 1920-ci ilə qədər)”, “Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası və Bərdə şəhərinin 3000 illiyi” elmi-praktik konfransının materialları, “Türkdən dönmə ermənilər”, “Qarabağın paleolit düşərgələri” və digər mühüm tədqiqat əsərləri yer alır.

Professor Əsədulla Cəfərovun təqdim etdiyi bu nəşrlər tədqiqatçılar, tələbələr və tarix elmi ilə maraqlanan oxucular üçün elmi mənbə olmaqla yanaşı, MEK-in fondunu zənginləşdirərək milli elmi irsin qorunması və təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.


Seçilən
8
1
azia.az

2Mənbələr