AZ

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub

Koreya Respublikasının İnçon şəhərində yerləşən İnçon Beqhak İbtidai Məktəbində Azərbaycan Günü münasibətilə maarifləndirici mədəni tədbir təşkil olunub.

Məktəbin 1, 2 və 3-cü sinif şagirdlərinin fəal iştirak etdiyi tədbir İnha Universitetinin professoru O Yonq Sob və Leyla Məsimlinin layihəsi əsasında baş tutub.

Tədbirin əsas təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi, İnha Universitetinin Multikulturalizm fakültəsi, İnçon Təhsil Şöbəsi, Beqhak İbtidai Məktəbi, təşəbbüskarı isə professor O Yonq Sob və Leyla Məsimlidir.

Şagirdlərə Azərbaycan haqqında ümumi məlumat verilib, ölkəmizin zəngin mədəniyyəti, milli geyimlərimiz və mətbəximiz barədə ətraflı danışılıb. Eyni zamanda, Azərbaycan nağılları səsləndirilib, şagirdlərə xalq ədəbiyyatımızın inciləri ilə tanış olmaq imkanı yaradılıb. Tədbir zamanı ölkəmizə məxsus müxtəlif suvenirlər nümayiş etdirilərək Azərbaycanın milli dəyərləri daha da yaxın tanıdılıb.

Təqdim olunan məlumatlara əsasən şagirdlər üçün viktorina təşkil olunub. Azərbaycanla bağlı verilmiş sualları düzgün cavablandıran şagirdlərə hədiyyələr verilib.

Bundan əlavə, İnha Universitetinin azərbaycanlı tələbələrinin milli musiqi alətlərində ifası və rəqslərimiz uşaqların, eləcə də digər tədbir iştirakçılarının böyük marağı ilə qarşılanıb.

Tədbirin sonunda bütün şagirdlərə komitənin dəstəyilə hazırlanmış, üzərində Azərbaycanla bağlı loqolar və simvollar olan xatirə hədiyyələri təqdim edilib.

Bu cür tədbirlər Koreyada Azərbaycan mədəniyyətinin təbliği və iki ölkə arasında mədəni körpülərin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr