Bakı, 21 iyun, AZƏRTAC
Təhsil və tibb müəssisələrində, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil olunur.
Yeni normaların hazırlanması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” müvafiq layihələr hazırlanıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib, həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ-hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb.
Həmçinin ölkədəki uşaqların 2012-2022-ci illər üzrə sağlamlıq vəziyyəti təhlil edilib, mövcud məsələlərin həlli istiqamətində müalicə və profilaktika ilə yanaşı, düzgün qidalanmanın da rolu nəzərə alınaraq, uşaqların qida normaları təkmilləşdirilib.
“Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.
Tibb müəssisələrində və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının tətbiqi, həmin sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə müsbət təsir göstərəcəkdir. Təhsil müəssisələrində yeni qida normalarının tətbiqi isə təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsi ilə onların sağlam inkişafını təmin edəcək.