"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının qanununun lahiyəsi dövlətçiliyimizin təməl prinsiplərinə, hüquqi sistemimizin suverenlik baxışına və ərazi bütövlüyü siyasətinə mühüm əlavələr və dəqiqləşdirmələr gətirir.
Təklif olunan dəyişikliklər, xüsusilə preambulanın ilk abzasının, 1921-ci il Moskva və Qars müqavilələrinə istinad edən hissənin ləğv edilməsi ilə bağlı müddəa, təkcə hüquqi deyil, həm də siyasi bir mövqenin ifadəsidir. Bu sənədlər, bir əsrdən artıq müddətdə bölgədəki geosiyasi balanslara təsir göstərsə də, bu gün Azərbaycanın suveren hüquqları artıq beynəlxalq hüquq normaları və Konstitusiyamız çərçivəsində müəyyən olunur. Məhz bu baxımdan, bu müqavilələrin adı və siyasi yükünün Konstitusiyamızdan çıxarılması zamanın tələbidir və dövlətimizin hüquqi müstəqillik yolunda daha bir mühüm addımıdır.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının statusunun birbaşa Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənməsi, həm hüquqi baxımdan aydınlıq, həm də siyasi baxımdan suverenliyin gücləndirilməsi deməkdir. Bu, həm də gələcəkdə xarici müdaxilə cəhdlərinə qarşı hüquqi immunitet rolunu oynaya bilər.
Qeyd olunan digər mühüm dəyişiklik isə Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin Konstitusiya səviyyəsində təsbit olunmasıdır. Bu dəyişiklik, mərkəzləşdirilmiş idarəetmə modelində muxtar ərazinin inteqrasiyasını daha da gücləndirməyə xidmət edir. Eyni zamanda dövlət siyasətinin vahid şəkildə icrası və yerli orqanların mərkəzlə koordinasiyalı fəaliyyəti baxımından strateji əhəmiyyət daşıyır.
Nəhayət, Ali vəzifəli şəxs anlayışının ləğv edilməsi, idarəetmə strukturlarında paralelliyin və hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılması istiqamətində atılmış mühüm addımdır. İndiyə qədər bu status hüquqi müzakirələrə səbəb olurdu. Artıq bu dəyişikliklə daha səlis, daha vahid və daha şəffaf bir idarəetmə quruluşuna doğru addım atılır.
Bu dəyişikliklər, tarixi kontekstdən qopmadan, müasir dövlət idarəçiliyi və hüquqi sistemin inkişafı baxımından mütərəqqi yanaşmadır. Mən bu layihəyə tam dəstək verirəm və əminəm ki, bu dəyişikliklər Naxçıvanın da, ümumən Azərbaycanın da daha güclü hüquqi-siyasi strukturla idarə olunmasına xidmət edəcək."
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü,
Millət vəkili