AZ

İran və İsrailin hərbi gücü :Kim üstündür? 

Yaxın Şərqdə gərginliyin birdən-birə pik həddə çatdığı bir vaxtda İsrail və İranın hərbi gücləri də maraq mövzusuna çevrilib.

Hansının ordusu daha böyükdür? Hansının arsenalında daha müasir və güclü silahlar var?

İran əhalisinin sayı İsraildən 9 dəfə çoxdur, ona görə də ilk baxışdan demək olar ki, İran Ordusu ən azı canlı qüvvə baxımından İsrail Ordusundan xeyli üstündür.

Hesablamalara görə, İsrailin Ordusunda 170 min fəal və 465 min ehtiyatda olan hərbi qulluqçu var. İranın tabeliyində 600 min fəal və 350 min ehtiyat heyət, həmçinin 220 min hərbiləşdirilmiş qüvvə mövcuddur.

Dünyadakı orduların hərbi gücünü müqayisə edən “Global Firepower Index”in məlumatına görə, İran həm şəxsi heyət, həm də quru və dəniz silahları baxımından üstündür. Bu rəqəmlər tablonu bütünlükdə tamamlamağa kifayət etmir.

Uzun müddətdir beynəlxalq sanksiyalarla üzləşən İran böyük imkanlara sahib olsa da, qabaqcıl hərbi texnikaya qismən həsrət qalıb. İran Hərbi Hava Qüvvələrində 37 min işçi çalışır, lakin hücum təyyarələrinin sayı azdır. Əksəriyyəti 1979-cu ildə alınmış Rusiya və ABŞ təyyarələridir.

İsrail isə hava qüvvələrini ABŞ istehsalı olan “F-15”, “F-16” və “F-35”lərlə təkmilləşdirib.

Ümumiyyətlə, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, İranla İsrail arasında 1000 kilometrdən çox məsafə var. İki ölkəni İraq və İordaniya torpaqları ayırır. Ona görə də İran və İsrail arasında qurudan hücum ehtimalı çox aşağıdır. Buna görə də hər iki tərəf aviazərbələrə köklənib.

Sözü biraz rəqəmlərə buraxdıqda mənzərə daha aydın olur. Belə ki, İsrailin hərbi büdcəsi 30.5 milyard, İranın isə 15.5 milyard dollardır. İran nüvə silahına sahib olmadığını qeyd edir, İsrail isə 100-300 nüvə başlığına malikdir. İsraildə ümumilikdə 611 müharibə təyyarəsi, 1300 tank, 5 sualtı qayıq, İranda isə 551 müharibə təyyarəsi, 1700 tank, 25 sualtı qayıq mövcuddur.

Bir sözlə, hər iki ölkənin hərbi arsenalında bir-birindən üstün olduğu məqamlar çoxdur. Bu səbəbdən döyüşlərin gedişatında konkret proqnoz vermək mümkün deyil. Üstəlik, ölkələrin kənardan aldıqları siyasi və maddi dəstək də nəzərə alınsa, bu savaşdan kimin qalib çıxacağı sual altındadır.

Seçilən
9
moderator.az

1Mənbələr