AZ

Moda, yoxsa məcburiyyət: Avropada parik və pudra dəbinin səbəbləri

Avropalı kişilər XVII-XVIII əsrlərdə məhz belə təsəvvür olunur – böyük ağ pariklərdə, pudralanmış üzlərlə, çəkilmiş "muşkalarla", dəbdəbəli kaftanlarda və krujevalı köynəklərdə.

Musavat.com xəbər verir ki, saç və üzlərin niyə pudralandığını, bu vərdişlərin səbəblərini və nəticələrini çox az adam bilir. Gəlin bu məsələyə aydınlıq gətirək.

Avropada parikləri niyə taxırdılar?

Uzun, dalğalı saçlardan ibarət olan həmin pariklər fransızca “uzatmaq” mənasını verən allonger sözündən götürülərək “allonj” adlandırılırdı. Onlar Fransada ilk dəfə XVII əsrdə kral XIV Lüdovikin təşəbbüsü ilə yayılmağa başladı. Kralın başı tamamilə keçəlləşdiyi üçün o, ilk allonju şəxsi bərbəri Benua vasitəsilə taxdı – bu, aslan yelinə bənzəyən gur, qızılı-qırmızımtıl təbii saçlardan ibarət idi. Lüdovikdən sonra bütün fransız aristokratları da parik taxmağa başladılar.

Daha sonra bəyaz allonjlər dəbə mindi və saçlar buğda unu və ya xüsusi parik pudrası ilə bol şəkildə pudralanmağa başlandı. Zərif təbəqə üçün allonjlər yalnız qadınların təbii saçlarından hazırlanırdı. Hətta belə bir versiya da var ki, saçlar bəzən edam olunmuş qadınlardan kəsilirdi. Bu cür pariklər çox baha başa gəlirdi, lakin zadəganlar bunu rahatlıqla ödəyə bilirdilər. Baş örtüyü olmadan cəmiyyət arasına çıxmaq etik sayılmırdı. Bahalı allonju ödəyə bilməyən məmurlar, burjuaziyadan olanlar, klerklər və zabitlər qoyun və ya keçi yunundan, həmçinin at və ya it quyruğundan hazırlanmış ucuz pariklərlə kifayətlənirdilər. Maraqlıdır ki, məhz quyruqlardan hazırlanan bu cür parikləri bu gün də İngiltərə və Avstraliya hakimləri taxırlar. 

Parik taxmağın əsas səbəbi keçəllik qorxusu idi. Kişilər saç tökülməsindən utanırdılar. Bu, təkcə yaşla bağlı deyildi – çünki XV əsrdən etibarən Avropada sifilis geniş yayılmışdı. Bu xəstəlik insanlarda yaralar, səpgilər yaradır, görmə qabiliyyətini, ağlını və saçları itirməyə səbəb olurdu. Sərbəst cinsi həyat tərzi keçirən kişilər xəstəliyin izlərini – başdakı çapıq və izləri – gizlətmək üçün pariklərdən istifadə edirdilər. 

43-2.jpg

İkinci səbəb isə bitlər idi. Bu parazitlər təkcə yoxsul kəndlilərin deyil, imkanlıların da saçlarına rahatlıqla sirayət edirdi. Müxtəlif üsullarla onlara qarşı mübarizə aparılsa da, nəticədə saçları qırxıb yerinə parik taxmaq daha effektiv sayıldı. Allonj cazibəsini itirəndə sahibi bərbərə gedir, orada parik yuyulur, qaynadılır, qurudulur, daranır və yenidən qaytarılırdı.

Avropada üzləri niyə pudralayırdılar?

Tarixdən az da olsa xəbəri olan hər kəs “qara çiçək” terminini eşidib. Bu ifadə o qədər məşhurdur ki, artıq deyimə çevrilib – çünki bu xəstəlik Orta əsrlərdə çox sayda insanın ölümünə səbəb olmuşdu. XV əsrdə Avropa bir növ xəstəxananı xatırladırdı – həkimlər gecə-gündüz mübarizə aparsalar da, virus daha güclü çıxırdı. O dövrdə alimlər nəyə qarşı mübarizə apardıqlarını bilmədiklərindən demək olar ki, hər ikinci insan o xəstəliyə yoluxurdu. Almanlar hətta bir atalar sözü də demişdilər: “Von Pocken und Liebe bleiben nur Wenige frei” – “Çiçəkdən və sevgidən az adam qaça bilər”.

Belə olan halda, demək olar ki, bütün təbəqələrə mənsub insanlar bu xəstəliyə tutulurdu. XVII-XVIII əsrlərdə sağ qalan zadəganlar qara çiçəyin qoyduğu izləri gizlətməyə çalışırdılar. Tezliklə aydın oldu ki, üzü qalın ağ pudra ilə örtmək çapıqları görünməz edir və bu üsul zadəganları tamamilə qane edirdi. Çünki demək olar ki, hər kəs o xəstəliyi keçirmişdi və pudraya tələbat çox idi, nəticədə təklif də artdı. 

8060_circimg.jpg

Təəssüf ki, o dövrdə müasir texnologiyalar yox idi və istehsalçılar ağ mineral boya – ağ qurğuşun istifadə edirdilər. Bu maddə rəssamlara da tanış idi – tez quruyur və kətanı yaxşı örtürdü. Elə həmin xüsusiyyətlər qara çiçək izləri ilə dolu üzü örtmək üçün də ideal idi. Amma qurğuşunun zəhərli olması orqanizmin sürətlə zəhərlənməsinə səbəb olurdu. Nəticədə zadəganlar baş ağrısı, ürəkbulanma, bağırsaq pozğunluğu və hətta korluqdan əziyyət çəkirdilər.

Qeyd edək ki...

Parik və pudra dəbi yalnız XVIII əsrin sonlarında aradan qalxdı. Bu, əsasən Fransız inqilabından sonra baş verən iqtisadi böhranla əlaqədar idi. Allonj geyinmək nəinki dəbdən düşmüş, həm də bahalı və qeyri-praktik sayılmağa başlamışdı. Avropa dövlətləri demokratiya və bərabərlik prinsiplərinə üstünlük verərək köhnə monarxik rejimin simvollarından və israfçılıqdan imtina etdilər. 

Mənbə: https://www.unian.net/curiosities/zachem-ranshe-pudrili-volosy-i-lico-v-evrope-interesnaya-istoriya-13044978.html 

 

Musavat.com

Seçilən
9
3
musavat.com

4Mənbələr