AZ

Tibo Kurtua: “Karyeramı “Real”da başa vurmaq istəyirəm”

“Real”ın 33 yaşlı belçikalı əsas qapıçısı Tibo Kurtua karyerasını məhz “qaymaqlılar”ın düşərgəsindən başa vurmaq istədiyini bildirib.

Arena.az AS dərgisinə istiandən, belçikalı qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Ümidvaram ki, müqaviləmin müddətini uzada biləcəyəm. Mən “Real”da çox xoşbəxtəm. Burada oynamaq – bir xəyaldır, hər növbəti il isə daha bir xəyal olacaq. Mən büsbütün klubun ixtiyarındayam, onlar da mənim qalmaq istəyimdən xəbərdardırlar… və ümidvaram, karyeramı burada başa vura biləcəyəm. Amma indi özümü meydanda göstərmək zamanıdır. Qalanları asanlıqla həllini tapacaq”, deyə Kurtua vurğulayıb.

Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.

“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 48 oyun keçirib, 56 qol buraxıb, 15 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 283 oyun, 275 buraxılmış qol buraxıb və 111 “quru” oyundan ibarətdir.

“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.

Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 103 oyun keçirib, 82 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 33 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
58
arena.az

1Mənbələr