AZ

QMİ xəbərdarlıq etdi: Dinimizdə sinə vurmaq qəbuledilməzdir

BAKI, 23 iyun. TELEQRAF

"Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir".

Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verdiyi fətvasında bildirilib.

"Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər", -fətva yer alır.

Seçilən
2
24
teleqraf.com

5Mənbələr