Son 7 ildə Azərbaycan bank sistemində müşahidə olunan inkişaf bank aktivləri və kredit portfelində ciddi artımlarla müşayiət olunub.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib.
Zakir Nuriyevin sözlərinə görə, bu dövrdə bankların ümumi aktivləri 80% artaraq 2023-cü ilin sonunda 53 milyard manata çatıb. Kredit portfeli isə 125% və ya 2,3 dəfə böyüyərək 29,3 milyard manatı ötüb.
O bildirib ki, artım dinamikasına baxmayaraq, vaxtı keçmiş kreditlər kəskin şəkildə azalıb – son 7 ildə 72% azalaraq 449 milyon manata düşüb.
Onun sözlərinə görə, bu nəticələr ölkədə sağlam kreditləşmə mühitinin formalaşması və maliyyə bazarının inkişafı baxımından mühüm göstəricidir. Xüsusilə özəl Kredit Bürosunun yaradılması və genişləndirilməsi bu sahədə atılmış strateji addımlardan biri kimi qiymətləndirilir.
2018-ci ildə yaradılan Kredit Bürosu ilk mərhələdə yalnız 8 bank və 10 nəfərlik heyətlə fəaliyyətə başlasa da, bu gün əməkdaşlarının sayı 50-ni keçib, təqdim edilən xidmətlərin sayı isə 35-dən çoxdur. Hazırda Büro ilə əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb.
Zakir Nuriyev Kredit Bürosunu eyni zamanda maliyyə savadlılığının artırılması vasitəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, artıq 130 mindən çox şəxs öz kredit tarixçəsinə dair məlumatlara çıxış əldə edib. Gələcək hədəf isə kredit hesabatlılığında daha yüksək şəffaflıq və geniş əhatəliliyin təmin olunmasıdır.