AZ

Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalının açılışında - FOTO

23 iyun tarixində Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib.

Ucnoqta.az MEDİA-ya istinadən xəbər verir ki, festival televiziya və media sahəsində yaradıcı ideyaların, beynəlxalq əməkdaşlığın və innovativ trendlərin müzakirə olunduğu mühüm platforma kimi qiymətləndirilir. 1986-cı ildən keçirilən və bu il 30-cu yubileyini qeyd edən Şanxay Televiziya Festivalı Şərqi Asiyada keçirilən ilk televiziya festivalı olmaqla yanaşı, qitənin ən nüfuzlu media tədbirlərindən biri hesab olunur. Festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutub. Görüş zamanı Əhməd İsmayılov qeyd edib ki, media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqi sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. O, eyni zamanda media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə media layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon isə çıxışında qurumun müasir texnoloji infrastrukturu, televiziya kontentinin planlaşdırılması, istehsalı və yayımı sahəsində tətbiq olunan metodlar, habelə rəqəmsal media mühitində formalaşdırılan innovativ yanaşmalar haqqında ətraflı məlumat verib. O, həmçinin Şanxay Media Qrupunun gələcək hədəflərindən və qlobal informasiya mühitində rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlardan bəhs edib.

Daha sonra qonaqlar Şanxay Media Qrupunun efir və montaj otaqları, texnoloji infrastrukturu və rəqəmsal yayım sistemləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.

Seçilən
3
28
ucnoqta.az

10Mənbələr