BAKI, TurkicWorld
Britaniya vətəndaşlarını Fələstin və İsraildən evakuasiyaya başlayır.
TurkicWorld xəbər verir ki, Böyük Britaniya hökuməti gələn həftədən etibarən İsrail və işğal olunmuş Fələstin ərazilərində yaşayan vətəndaşlarının və onların ailə üzvlərinin təxliyəsinə başlayacaq.
Bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Böyük Britaniya vətəndaşları və onların ailə üzvləri ilə əlaqə saxlanılacaq və evakuasiya prosesinə qeydiyyat üçün sifariş portalına keçid təqdim olunacaq. Təxliyəyə yalnız Britaniya vətəndaşları və 6 aydan çox etibarlı Britaniya vizasına sahib olan qeyri-Britaniyalı ailə üzvləri qəbul ediləcək.
XİN vətəndaşları Nazirlikdən konkret göstəriş almadan hava limanlarına yollanmamağa çağırıb. Təxliyyə uçuşları ödənişli olacaq və vətəndaşlara İordaniya və ya Misirə keçərək buradan Britaniyaya qayıtmaq imkanı da təklif olunacaq.
Nazirlik nümayəndəsi bildirib ki, Yaxın Şərqdəki vəziyyət olduqca həssasdır və Böyük Britaniya vətəndaşlarının təhlükəsizliyi əsas prioritetdir. Gələn həftənin əvvəlində başlayacaq uçuşların bölgədəki təhlükəsizlik şəraitinə uyğun olaraq genişləndirilə biləcəyi vurğulanıb.
Qeyd edək ki, bölgədə İsrail və İran arasında davam edən hərbi qarşıdurmalar səbəbindən beynəlxalq ictimaiyyət bölgədə yaşayan vətəndaşlarını təxliyə etməyə başlayıb. Daha əvvəl ABŞ, Almaniya və Fransa da öz vətəndaşlarını regiondan çıxarmaq üçün planlar hazırlayıb.