AZ

MİLLİ KİMLİYİN MİFİK NÜVƏSİ VƏ DÖVLƏTÇİLİK MODELİ Komitə sədrinin məqaləsi

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Milli bayramların bütün dünya xalqlarının mədəniyyət tarixində xüsusi yeri, rolu və əhəmiyyəti var. Bir xalqın milli bayramının olması onun varlığının etnik-siyasi atributudur. Kökü milli düşüncənin ən dərin qaynaqlarına söykənən bayramlar xalqın həyatında sadəcə fərqli təqvim hadisəsi olmaqla qalmayıb, onun varlığının tarixi-mədəni təminatçısı kimi çıxış edir: xalq bayramlar vasitəsilə özü-özünü yaşadır və milli kimliyini qoruyur.

Öz gücünü xalqın mifik düşüncə nüvəsindən alan bayram milli düşüncə sisteminin xüsusi hadisəsidir. Vladimir Toporovun yazdığı kimi, "bayram - arxaik mifopoetik və dini ənənədə müqəddəs dəyərlər dünyası ilə xüsusi əlaqəsi olan, bayramdakı bütün iştirakçıların həmin dünyaya maksimum dərəcədə aidliyini nəzərdə tutan və hansısa mərasimləşdirilmiş hərəkət kimi qeyd olunan zaman kəsiyidir".

Görkəmli antropoloqun fikrindən aydın olduğu kimi, məhz mifik ənənələrlə bağlı olan bayram xalqı təşkil edən bütün təbəqələrin milli düşüncə sisteminin müqəddəs dəyərlərlə əlaqəsini təmin edir. Bu isə öz növbəsində xalqı həmin dəyərlər əsasında yenidən formalaşdırır. Buradan aydın olur ki, məhz yenidən yaradılış milli bayramların etnokulturoloji mahiyyətini və etnokosmoloji funksiyasını təşkil edir.

Bu sosial-antropoloji qanunauyğunluq özünü Azərbaycanın milli bayramlarının təcrübəsində də daim təsdiq etmiş və bu gün də eyni şəkildə təzahür etməkdədir. Milli bayramlarımız və onların "şahı" olan Novruzun kökləri mifologiya düşüncə tariximizlə bilavasitə bağlı olduğu üçün etnik-mədəni düşüncə sistemi və tariximizdən heç vaxt silinməmiş, hər zaman milli kimliyimizin mühüm atributu olmaqla onu tarixin hər bir mərhələsində yaşatmışdır.

Milli bayramların mifik düşüncə ilə bağlılığının niyə bu qədər əhəmiyyət kəsb etməsi, əlbəttə, mühüm məsələdir. Bu suala Azərbaycan sosial-antropoloji təcrübəsində belə bir cavab tapırıq: "Dünyadakı bütün bayramların, o cümlədən Azərbaycandakı bayramların tarixinə nəzər saldıqda görürük ki, bayramlar tarix baxımından mifologiya ilə az qala "həmyaşıd"dır. Halbuki mifologiyanın dəqiq tarixini heç kəs bilmir. Çünki mifik düşüncə öz kökləri etibarilə tarixin qaranlıq səhifələrinə qədər uzanır. Və biz mifik düşüncə tarixinə, insanların mifoloji düşüncə ilə yaşadığı dövrün mədəniyyət qalıqlarına nəzər salanda görürük ki, bayramlar da öz tarixi etibarilə mifologiya dövrünün məhsuludur. Buradan aydın olur ki, bayram anlayışının məna nüvəsini mif təşkil edir" (Şakir Albalıyev).

Bu fikrə əsaslanıb, belə bir məntiqi triada qurmaq olar: "Bayram = Mifologiya = Milli Kimlik". Başqa sözlə, bayramın mahiyyətini mifologiya təşkil etdiyi kimi, milli kimliyin də mahiyyətində mifologiya durur.

Son onilliklərdə Azərbaycan mifologiya elmində əldə olunmuş əsas qənaətlərdən birinə görə, "mifologiya etnosun varlığını özündə modelləşdirən düşüncə və mətn hadisəsi kimi mədəniyyətimizin bütün tarixi inkişaf və transformasiya sxemlərini özündə yaşadan arxisemlər sistemidir. Azərbaycan kosmoetnik varlığının istənilən məna vahidi mifologiya ilə arxetipləşir. Mifologiya milli mədəniyyətin tarixi-diaxron və çağdaş-sinxron konsentrasiya nüvəsidir. Milli mədəniyyətimiz bu nüvənin diaxron böyüməsi kimi təşkil olunmaqla öz çağdaş funksionallıq impulslarını mif nüvəsindən alır" (Seyfəddin Rzasoy).

Tanınmış mifoloq-folklorşünasın bu fikrində bizi maraqlandıran mövzu baxımından iki məqam aktualdır:

Birincisi, mifologiya milli mədəniyyətin konsentrasiya nüvəsidir;

İkincisi, milli mədəniyyət öz müasir həyat impulslarını hələ də mif nüvəsindən almaqdadır.

Bunlar çox ciddi fikirlər olmaqla müasir dövrümüzdə, xüsusilə türk xalqlarının vahid milli inkişaf modellərinin axtarılması istiqamətində ciddi aktuallıq qazanır.

Həmin tezislərdən aydın olur ki, istər ayrılıqda Azərbaycan milli düşüncə və mədəniyyət sistemi, istərsə də ümumtürk etnik mədəni sisteminin tarixi-mədəni varlığının nüvəsini bu gün belə mifologiya (milli düşüncə sisteminin mifik arxetipləri) təşkil etməkdədir. Bu mənada mifologiyanın milli düşüncə sistemindəki "nüvə" funksiyası milli varlıq sistemini təşkil edən bütün elementləri özünə cəlb (konsentrasiya) etməklə vahid milli qalaktik sistem yaratmasında ifadə olunur. Başqa sözlə, mifik dəyərlər milli düşüncə sisteminin daşıyıcılarını eyni bir milli kimlik modeli, yaxud daha başqa cür desək, milli birlik ideyalarının funksional mexanizmi ətrafında birləşdirir.

Müəllifin "milli mədəniyyətin öz müasir həyat impulslarını mif nüvəsindən alması" tezisinə gəlincə, bunu müasir türk xalqlarının həyatında əyani şəkildə müşahidə edirik. Vahid etnik kökdən inkişaf edərək müstəqil xalqlara çevrilmiş türklərin hər birinin keçdiyi qədim və zəngin tarix yolu onları bir-birindən heç vaxt ayrı sala bilməmişdir. Bunun əsas səbəbi türk xalqlarının hər birinin milli kimlik düşüncəsinin əsasında duran mifik birlik, vəhdət simvollarıdır. Türk mifologiyasının bütün türklər üçün eyni olan arxetipləri bu gün milli doğmalığın şüur imperativləri (doğmalıq yaradan stereotipik davranış simvolları) kimi bütün türk xalqlarını bir-birinə yaxınlaşdırmaqda, doğmalaşdırmaqda və birləşdirməkdədir. Türk dünyasının birlik və qardaşlıq modellərindən olan Novruz bayramının da müasir türk siyasi düşüncə tarixinin nəhəng simalarının dövlətçilik təcrübəsində mühüm yer tutmasının əsasında elə bu amil durur. Bu ilin mart ayında cənab Rəcəb Tayyib Ərdoğanın Novruz tonqalı qalayaraq üzərindən atlanması və 21 mart tarixini "Bahar və qardaşlıq günü" elan etməsi bunun canlı təzahürüdür.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Novruz bayramı təkcə bir ənənə deyil, həm də milli identifikasiya, dövlətçilik və mədəni inteqrasiyanın mühüm komponentlərindən biri kimi çıxış edir. Onun mifoloji və kosmoqonik kökləri qədim türk xalqlarının dünyagörüşü ilə bağlı olub, zamanla müxtəlif dini və ideoloji sistemlərə inteqrasiya olunmuşdur. Bu transformasiya prosesi Novruzun əhəmiyyətini yalnız etnik identifikasiya səviyyəsində saxlamayıb, onu sivilizasiyalararası harmoniya modeli kimi inkişaf etdirmişdir.

Heydər Əliyevin siyasi xətti Novruz bayramının bu fundamental mahiyyətini dövlətin ideoloji və mədəni siyasətinin ayrılmaz hissəsinə çevirdi. Onun yanaşması göstərirdi ki, milli bayramlar yalnız xalqın tarixi yaddaşını qorumaqla kifayətlənmir, eyni zamanda strateji milli birliyin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan Novruzun rəsmi səviyyədə qeyd olunması və milli ideologiya kontekstində inkişaf etdirilməsi Azərbaycan dövlətçiliyi üçün əsas sütunlardan birinə çevrildi. Novruzun beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycan dövlətinin mədəni diplomatiya strategiyasının mühüm uğuru kimi qiymətləndirilə bilər. Onun siyasi və ideoloji mahiyyəti türkdilli xalqların vahid inkişaf modeli çərçivəsində formalaşaraq, dövlətlərin mədəni inteqrasiyasına töhfə verən əsas vasitəyə çevrildi. Bu baxımdan Novruz keçmiş ənənələrdən daha geniş miqyasda, türkdilli xalqların strateji birliyinin təşviqi üçün ideoloji əsaslar yaratmışdır. Novruz bayramı yalnız folklor və mərasimlər səviyyəsində deyil, eyni zamanda milli identifikasiya, dövlətçilik və mədəni diplomatiyanın fundamental mexanizmi kimi qəbul edilməlidir. Onun uzunmüddətli siyasi və ideoloji funksiyası, Azərbaycan dövlətinin strateji perspektivlərində mühüm rol oynamaqla, türkdilli xalqların inteqrasiya prosesində mədəni koordinasiya və vəhdət modelini təşkil etmişdir. Bu konseptual yanaşma Novruzu təkcə tarixi miras olaraq deyil, həm də müasir dövlətçilik ideyalarının təşəkkülündə əhəmiyyətli mədəni-siyasi institut kimi müəyyənləşdirir.

Novruz bayramının Türkiyədə rəsmi bayram kimi qəbul edilməsi, həmin günün qeyri-iş günü olması haqqında qərar verən R.T Ərdoğanın sözlərinə görə, Türkiyə hakimiyyəti cəmiyyətdə qardaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində səylərindən imtina etməyəcək: "Nifrət və kin toxumu səpən qüvvələrin hiylələrinə baxmayaraq, Novruz Türkiyənin 85 milyonluq xalqının birliyi üçün yeni ümidlərin simvolu olaraq qalmağa davam edəcək".

Müasir dünya siyasətində mühüm rol oynayan nəhəng siyasətçinin Novruz bayramına bu münasibəti onun, əlbəttə ki, bu bayrama münasibətdə sadəcə sevgisindən irəli gəlmir. Təbii ki, türk etnik-mədəni dəyərlərinin daşıyıcısı olan R.T.Ərdoğanın da düşüncə dünyasında Novruz bayramı adlanan hadisənin sevgi ilə süslənmiş emosional obrazı var. Ancaq böyük siyasət adamının Novruz bayramını Türkiyə dövlətinin milli bayramları səviyyəsində rəsmiləşdirməsinin arxasında heç də yalnız emosional amil durmur. O, bir siyasət adamıdır və bu "gediş" də dövlətin milli və siyasi maraqlarına xidmət edir. Bu mənada cənab Ərdoğanın bayram haqqında söylədiyi fikir diqqətimizi xüsusi cəlb edir.

R.T.Ərdoğanın sözlərindən məlum olur ki, o, Novruz bayramını Türkiyə cəmiyyətində qardaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm vasitələrdən biri hesab edir. Novruz bir bayram kimi, onu qeyd edən xalqların mənsub olduğu cəmiyyətlərdə ilk növbədə qardaşlıq və həmrəyliyə xidmət edir.

Türkiyə Prezidentinin yanaşması Novruz bayramının etnokulturoloji mahiyyətini tam şəkildə ifadə edir: bu bayram xalqın bütün üzvlərini eyni sakral dəyərlər ətrafında birləşdirərək, onların birliyini təmin edir. Məhz bu baxımdan cənab R.T.Ərdoğan belə hesab edir ki, Novruz bayramının dövlət səviyyəsində keçirilməsi, başqa sözlə, dövlətin milli-mədəni siyasətinin istiqamətlərindən birinə çevrilməsi Türkiyə dövləti və cəmiyyətini parçalamaq, dağıtmaq istəyənlərə ("nifrət və kin toxumu səpən qüvvələrin hiylələrinə") qarşı güclü milli müdafiə sistemidir.

Əlbəttə, Novruz bayramına bu istiqamətdə yanaşma çox mühümdür və onun etnokulturoloji mahiyyəti və etnokosmoloji funksiyasının vurğulanması bu mərasimin təkcə Türkiyə dövlətinin milli birliyi baxımından deyil, həm də türk dünyasının qardaşlıq və həmrəyliyinin təmin edilməsi baxımından aktuallığını ifadə edir.

Təbii ki, cənab R.T.Ərdoğanın yanaşmasının əsasında Novruz bayramının etnofunksional mahiyyəti ilə bağlı alimlərin indiyə qədər apardığı dərin elmi analizlər durur. Həmin analizlərə nəzər saldıqda görürük ki, siyasi liderin Novruz bayramına xalqı, cəmiyyəti, onun müxtəlif qruplarını etnopsixoloji kontekstdə konsolidasiya edəcək funksional model kimi yanaşması səbəbsiz deyildir. Özündə xalqın, millətin müqəddəs dəyərlərini yaşadan Novruz bayramı hər il total modelləşdirici sistem kimi, onu qeyd edən xalqların milli düşüncə və həyatına sosial-mədəni harmoniya, etnik-mənəvi ahəng bəxş edir. Novruzu içdən (bütün varlığı ilə) qeyd edən xalqlar onun vasitəsilə mənəvi cəhətdən saflaşır, insanların qəlbində bir-birinə qarşı doğmalıq, qardaşlıq hissləri coşub-daşır. Bayram insanları bir-birinə sevdirir, onların arasında həmrəylik hisslərini gücləndirir. Bu da öz növbəsində xalqların mənsub olduqları cəmiyyət və dövlətləri milli həmrəylik ideyaları ətrafında birləşdirməklə onların ümummilli vəhdətini təmin edir. Cənab R.T.Ərdoğan məhz bu baxımdan belə hesab edir ki, "Novruz Türkiyənin 85 milyonluq xalqının birliyi üçün yeni ümidlərin simvolu olaraq qalmaqda davam edəcək".

Əlbəttə, Novruz bayramının Türkiyə etnik-siyasi, mədəni-ictimai məkanının milli vəhdət modeli kimi rəsmiləşdirilməsi bizim yadımıza Ulu Öndər Heydər Əliyevin Novruz bayramı ilə bağlı düşüncə, ideya, fikir və əməli fəaliyyətlərini salır. Qəlbən və ruhən Novruz bayramına bağlı olan, hələ uşaqlıqdan Novruz adlanan nəhəng milli mədəniyyət hadisəsinin bütün məhəlli adət-ənənələrini gözləri ilə görən, oyunlarında canlı şəkildə iştirak edən, uşaqlıq dünyasının Novruz xatirələrini şirin və əziz yaşantılar kimi hər zaman xatırlayan Ulu Öndərin Azərbaycanın müstəqillik əldə etməsindən sonra milli-mədəni quruculuq istiqamətində atdığı nəhəng addımlarından biri də Novruzu ümummilli bayram kimi rəsmiləşdirməsi oldu. SSRİ kimi çoxmillətli bir dövlətin ali siyasi "olimpinə" qədər ucalmış, sovet milli quruculuq siyasətinin bütün "incəliklərini" dərindən bilən Heydər Əliyev milli adət-ənənələrin, onların ən mühümlərindən olan milli bayramların hər bir xalqın milli kimliyinin qorunması və yaşadılmasındakı rolunu çox gözəl anlayır və bilirdi. Ona görə də öz siyasətində Azərbaycan xalqını birləşdirəcək, onları vahid milli qüvvəyə çevirə biləcək mexanizmlərə xüsusi əhəmiyyət verir, onları milli düşüncə sistemində daim aktuallaşdırmağa çalışırdı. Bu cəhətdən Ulu Öndər Azərbaycan xalqı ilə yanaşı, demək olar ki, bütün türk xalqlarının qeyd etdiyi Novruz bayramına xalqlarımızı birləşdirəcək ilahi nemət kimi baxırdı.

Burada "ilahi nemət" ifadəsini vurğulamağımız təsadüfi deyildir. Yuxarıda məşhur antropoloq Vladimir Toporovdan qeyd etdiyimiz kimi, kökü mifoloji düşüncəyə gedib çıxan milli bayramlar "müqəddəs sfera", yəni müqəddəs dəyərlər dünyası ilə sıx şəkildə bağlıdır. Novruz bayramı da ibtidai icma dövründən başlayaraq keçdiyi qədim tarix boyunca mifoloji və dini düşüncə sistemi ilə bağlı müqəddəs dəyərləri özünə konsentrasiya edərək, onları günümüzədək yaşada bilmişdir. Bu cəhətdən Novruzun bir bayram sistemi kimi içərisindən keçdiyi mifoloji və dini ənənələrə, ideoloji sistemlərə nəzər saldıqda heyrətə gəlməmək mümkün deyildir.

Aparılmış tədqiqatlardan məlum olur ki, "Novruz bayramı tarixinə görə ilkin mifoloji-kosmoqonik görüşlərlə bağlıdır. Mifoloji düşüncənin parçalanaraq tarixi düşüncəyə keçidi zamanı əski dinlərə transformasiya olunmuş, daha sonrakı inkişafında müxtəlif səmavi və qeyri-səmavi dinlərə, dini-ideoloji görüşlərə qovuşmuşdur. Bu baxımdan Novruz bayramı aşağıdakı din və dini-mifoloji dünyagörüşlərini özündə birləşdirir:

1. Qədim türklərin şamanizm dönyagörüşü;

2. Qədim və erkən Orta əsr türklərinin tanrıçılıq dini;

3. Qədim Azərbaycan və İran xalqlarının zərdüştilik dini;

4. İslam dini və onun müxtəlif təriqət və məzhəbləri;

5. Xristian türk xalqlarının simasında xristianlıq dini;

6. İudaist türk xalqlarının (əsasən tarixi xəzərlərin və onların çağdaş törəmələrinin) simasında musəvilik - iudaizm dini.

7. İki milyona yaxın buddist türklərin simasında buddizm dini və s.

Novruz bayramı bu tarixi və müasir dinləri özündə birləşdirməklə, əslində, dinlərarası (sivilizasiyalararası) harmoniya modeli kimi çıxış edir" (Seyfəddin Rzasoy).

Göründüyü kimi, yaşı insanlığın yaşı ilə bərabər olan Novruz bayramının əsasında duran düşüncə sistemində səmavi və qeyri- səmavi dinlər üçün xarakterik olan müqəddəs dəyərlər bir-birinə qovuşmaqla onu insanların nəzərində dəyərli bir bayrama çevirmiş və insanlar bu bayramı qeyd etməyi özlərinin müqəddəs əməllərindən hesab etmişlər. Elə buna görə dünyanın son vəhy (səmavi) dini hesab olunan islam da keçmişlərin, başqa sözlə, islamın bidət hesab etdiyi zamanların yaddaşını özündə daşıyan Novruza güzəştə getmiş, ona münasibətdə sərt davranmamışdır. Bunun səbəbi Novruzun bütün hallarda cəmiyyət daxilində qardaşlığa və həmrəyliyə xidmət etməsi olmuşdur: onun bütün mahiyyətində təbiətlə insanın vəhdətini nəzərdə tutan humanizm fəlsəfəsi durur. Elə bu amil Novruzu zamanla islam dini ilə də qovuşdurmuş, islami dəyərlər Novruzun kult sisteminə daxil olaraq, onun müqəddəsliyini daha da gücləndirmişdir. Bu cəhətdən uşaqlıqdan islami və milli ənənələr ruhunda tərbiyə olunmuş Ulu Öndər öz xalqının milli adət-ənənələrinə bütün varlığı ilə bağlı olan bir insan kimi Novruza müqəddəs hadisə - "ilahi nemət" kimi baxmış, sovet dövrünün, obrazlı desək, "kəsəkəs" vaxtlarında Novruz adət-ənənələrinin yaşaması ilə qəlbən həmrəy olmuş, onun qorunmasına imkan daxilində dəstək vermişdir. Bu cəhətdən Heydər Əliyevin Novruz bayramı haqqında fikirləri öz aktuallığını daim saxlamaqdadır.

Ulu Öndər Novruz bayramı təbriklərində çox qiymətli fikirlər söyləmişdir. Ümummilli Lider 19 mart 2000-ci ildə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir:

"İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır".

Hər sözü, hər kəlməsi dövlətçilik fəlsəfəsi ilə bağlı olan Ulu Öndərin bu fikri dərin mənalara malikdir. Novruzu baharın gəlişinin, təbiətin oyanışının, həyatın canlanmasının müjdəçisi hesab edən Heydər Əliyev bununla bayramın ümumhumanitar mahiyyətini vurğulamışdır. Yəni Novruz bayramı, əslində, insanlar arasında milli, dini, irqi, cinsi və sair fərq qoymadan bütün insanlığın bayramıdır: təbiət bütün insanların anası, Novruz da ana təbiətin elçisidir.

(ardı var)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
azpolitika.info

1Mənbələr